"Çalışmalıyıq ki, səhvsiz oynayaq"
- 19 Avq 2021 18:00
- 697
Avropa çempionatında iştirak edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, komandamız turnirə əsasən əvəzləyici heyət və bir neçə gənc oyunçu ilə yollanıb.
Millimizin aparıcı oyunçularından olan hücumçumuz Marqarita Stepanenko fikirlərini bölüşüb: "Bildiyiniz kimi avqustun 18-də Avropa çempionatı start götürdü. Bizim ilk matçımız isə avqustun 20-də Belçika millisinə qarşı olacaq. Çempionata hazırlıq mərhələmiz geridə qaldı. Bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir.
İki aylıq hazırlıq mərhələsində fiziki, texniki, taktiki məşqlərlə bərabər yoxlama oyunları da keçirdik və bir turnirdə iştirak etdik. Yoxlama oyunlarının və Macarıstanda təşkil olunan “Savaria” turnirinin komandamıza çox böyük təsiri oldu. Biz oyunlar zamanı gördük ki, daha çox nələrə diqqət etməli və nələrin üzərində daha çox işləməliyik. Ciddi və gərgin hazırlıq prosesində məşqlər zamanı mənim və bəzi oyunçularımızın zədələrimiz oldu. Fiziki məşqçimiz və həkimimiz sayəsində bu zədələri qısa zamanda aradan qaldırmağa çalışdıq. Bu gün artıq hər şey geridə qaldı. Biz var gücümüzlə Avropa çempionatında çıxış etməliyik. Bəli, güclü rəqiblərimiz var. Amma biz öz oynumuzu oynamalıyıq. Çalışmalıyıq ki, gözəl və səhvsiz oynayaq ki, bizi dəstəkləyən azarkeşlərimizi sevindirə bilək. Komandamıza uğurlar arzu edirəm".