"Camaatın anası-bacısı var"ın ingilis dilində tərcüməsi
- 21 İyn 2020 11:08
- 4853
Bu gün iyun ayının 21-dir. AFFA İcraiyyə Komitəsi öz qərarlarını geri oxumasaydı, mayın 31-də keçirilən iclasdakı qərar “yaşasaydı” bu gün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarışlar yenidən başlamalıydı. Futbolçular meydana çıxacaqdı, azarkeşlər sevinəcəkdi, Azərbaycan futbolunu yaşadacaqdıq. Onsuz da futbolumuz can çəkir, çempionatı AFFA paytaxtın açıq birinciliyinə çevirib. Koronavirus pandemiyasının gətirdiyi mənəvi və maddi problemlər də bir tərəfdən insanların psixoloji durumunu gərginləşdirib. Futbol bu ağır günlərdə həyatın davam etdiyinə, bizim virusa qalib gələ biləcəyimizə ümid işığı yaradacaqdı.
“Turan”ın qurucusu Vidadi Əhmədovun müsahibələrinin birində dediyi sözləri indiyə qədər xatırlayıram: “Müharibə şəraiti idi, ermənilər hər gün hücum edir, yeni-yeni ərazilərimizi işğal edirdilər. İnsanlar təşviş içindəydi. Qərara gəldik ki, Tovuzda futbol komandası yaradaq, Azərbaycan çempionatına qatılar. Bununla da insanların əhval-ruhiyyəsini qaldıraq, əhali bilsin ki, biz Tovuzu tərk etməyi, qaçmağı düşünmürük. Komandanın da adını elə buna görə “Turan” qoyduq, boz qurdu özümüz üçün simvola çevirdik”. Allah Vidadi bəyə can sağlığı versin, AFFA-nın İcraiyyə Komitəsində indi onun kimi kişilərə ehtiyac var. Zaman sübut etdi ki, həmin vaxt Əhmədov və onun silahdaşları düzgün addım atıblar. Tovuz təxribata getmədi, elə Turanın qalası kimi erməni işğalına qarşı sona qədər mərdliklə savaşdı.
AFFA İcraiyyə Komitəsi məhz buna görə ölkə çempionatını davam etdirməli, insanların mənəvi-psixoloji durumuna mənfi təsir göstərəcək səhvə yol verməli deyildi. Sanki dünyanın axırıdı, əhalinin olan-qalan ruhunu da, həyat eşqini də öldürürlər. Onsuz da təcrübə sübut edir ki, virusdan gizlənmək, evdən çölə çıxmamaq heç də 100 faiz təminat demək deyil. Bu qorxaqlıq həm də hər gün çalışmaq, virusla savaşmaq zorunda olan həkimə, aptek işçilərinə, elelktrik enerjisi istehsal edənlərə, bizim üçün çörək bişirənlərə, marketdə kassa arxasında dayanıb yüzlərlə insanla təmasda olanlara hörmətsizlik idi. “Sizin canınız cəhənnəmə, futbolçulara və futbolumuzun başbilənlərinə bir şey olmasın” dedilər.
Dünən İngiltərə Premyer Liqasında “Uotford” – “Lester” qarşılaşmasına baxdım. Futbolçular, məşqçilər öz sevimli işlərini görürdülər. Stadion əməkdaşları tribunaların boş görünməməsi üçün müxtəlif pankartlar hazırlamış, fanatların çılğın görüntülərini canlandıran böyük ekran qapı arxasına yerləşdirilmişdi. Qol vurulanda evində sevinən fanatların sevinci “zoom” proqramı vasitəsiylə göstərilirdi. Bunun da adı virusa meydan oxumaqdı, həyatın davam etdiyinə işarə vurmaqdı, həyat eşqidi, dostlar!
Görün, bizim Olimpiya çempionumuz, idmançımız, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov “Report”a müsahibəsində nə deyir: “Premyer Liqanı virus mənbəyinə çevirə bilərdik. Oyun bitəndən sonra futbolçuların hərəsi bir ailəyə, evə gedir. Orada böyük var, kiçik var”. Ronaldonun, Messinin, eləcə də İngiltərədə, Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə futbol oynayan minlərlə insanın ağlı yoxdu, ya evləri-ailələri? Daha keçib, a bəy. “Camaatın anası-bacısı var” sözlərini də ingiliscəyə çevirək, dünyaya ağıl öyrətməyə başlayaq.