Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”
- 14 Okt 2019 12:21
- 705
“Oyunun ağır keçəcəyi əvvəlcədən bəlli idi. Çünki rəqib Xorvatiya səfərindən 0:3 hesablı məğlubiyyətlə qayıtmışdı. İstər-istəməz şansları da var idi. Bilirdik ki, 20-25 dəqiqə təzyiqdə oynayacağıq. Rəqibin bu təzyiqi də bəhrəsini verdi, qolu tez buraxdıq”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov Macarıstana 0:1 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə mərhələ matçını şərh edərkən deyib.
Hüseynov hakim səhvinin nəticəyə təsir etdiyini vurğulayıb: "Qoldan sonra futbolçularımız bir az rahatlaşmağa başladı. Matçın gedişini də gördünüz. Düşünürəm ki, 1 xal bizim üçün yaxşı nəticə idi. Amma hakimin səhvindən əlimizdən alındı".
- Uels, Xorvatiya, Bəhreyn və indi də Macarıstan. Qəribə bir tendensiya görürük ki, komandamız qol buraxandan sonra oynamağa başlayır...
- Azərbaycanın futbolçuları o qədər inamsız təsir bağışlayır ki, açığı, hər bir ölkəyə gedəndə - rəqiblərinin adını deyim, necə deyim düz çıxsın - təzyiqlə başlayırıq. Belə desəm, daha düzgün olar. Sanki artıq 0:1 hesabıyla məğlubuq. Qol buraxdıqdan sonra başlayırıq oynamağa, rahatlaşırıq. Diqqətimizi, konsestrasiyamızı cəlb etsək, biz də onlar təzyiq edəndə, öz oyunumuzu göstərməyə başlasaq, soyuqanlılıqla sonluğu yaxşı gətirə bilirik. İlk dəqiqələrdə isə oyun bizdə alınmır, bu problem bizdə var.
- Fasilədə baş məşqçi nələr edi ki, komanda ikinci hissədə qapıya nəhayət, 87-ci dəqiqədə də olsa zərbə vurdu? Əvəzetmələrdən sonra nələr dəyişdi ki, komandamız artıq rəqibi sıxmağa da müəssər oldu?
- Fasilə zamanı 5 dəqiqə otaqda oldum, futbolçularla söhbətləşdim və sonra çıxdım çölə. Baş məşqçinin nə dediyini yalan deyərəm. Əvəzetmələri edəndə, mövqelərimizi bildirdi, harda necə oynamağı tapşırdı. Çalışdıq ki, nəsə edək, heç olmasa 1 xalı qazanaq. Çünki hesab 0:1 idi. İnanırdım ki, tarazlığı bərpa edəcəyik. Çünki hər komandaya qol vurmuşduq, belə uğurlu seriyamız vardı. Son dəqiqəyədək inanırdım qol vuracağımıza, ancaq belə alındı.
- İki hissə arasında fərq niyə belədi?
- İlk hissədə gözləyirdik ki, rəqibin hücumunun ardı-arası kəsilməyəcək. Bu xofun uşaqlarda olduğu hiss edilirdi. Soyuqanlılıq göstərmək mümkün deyildi. Bəli, qol buraxandan sonra 30-cu dəqiqədə toparlanmağa, hücumlar etməyə başladıq. Bu, qıraqdan da görünürdü. Sonradan da göründü ki, bu rəqiblə oynamaq mümkündür. Bu, onsuz da həmişə belə olub. Qolu buraxandan sonra başlayırsan oynamağa, görürsən ki, rəqibin gücü ideal deyil.
- Millinin ən təcrübəli futbolçususunuz. Bu, hesabla Uelslə Bakıdakı görüşədək beyninizdən əriyib gedəcəkmi ki, halal xalımızı əlimizdən aldılar?
- Bilirsiniz, bunu etməyə məcburuq. Çünki bu oyun qurtardı. Olanla yaşasaq, yaşamaq mümkün deyil, çox da qabağa gedə bilmərik. Bu gün oyun oldu, sabah artıq unutmaq lazımdır.
- Qalanları da unudacaqlarmı?
- Məcbur unutmalıdırlar. Çünki başqa yolumuz yoxdu. Hər bir oyundan sonra belə olmalıdı.
- Paltardəyişmə otağında ağlayan yox idi?
- Yox, sadəcə, çox məyus idik. Bütün futbolçular üzülmüşdü - A-dan Z-dək. Belə deyim, biri əlini divara vururdu, biri masaya. (Report)