Azərbaycanın gənc, istedadlı qapıçılarından sayılan, hazırda "Kəpəz"in U-17 komandasında çıxış edən Cavid Qurbanovla bağlı oxucularımıza zaman-zaman məlumat vermişik.

 

Rekord.az xəbər verir ki 17 yaşı olmasına baxmayaraq Cavidlə ölkə xaricindən də marqlananlar var. Erkən yaşda Azərbaycanın hüdudlarını tərk edib başqa ölkələrdə oynamaqla daha yaxşı inkişaf şansını hər oyunçu qazanmır. Buna da səbəb Qurbanovda qapıçıya xas bütün keyfiyyətlərin cəmləşməsidi. Qalır həmin keyfiyyətlərdən lazımınca yararlanaraq inkişaf etmək ki, bunun da yeganə yolu daim öz üzərində çalışmaqdı...

 

Əslində, gənc qapıçıya elə-belə diqqət ayırmamışıq. Məsələ burasındadı ki, məhz onun arxasınca Bakıya ölkə xaricindən menecer gəlib. Həmin menecerin fikirləri ilə də oxucularımızı tanış edəcəyik. Əvvəlcə onu nəzərinizə çatdıraq ki, artıq gənc istedadın başqa ölkəyə aparılması ilə bağlı işlərə başlanılıb. Sadəcə, "Kəpəz"də lazımi şərait olmadığından Cavid hazırlıq baxımından çətinlik çəkir. Bu üzdən onun daha yaxşı məşq etməsi üçün müəyyən işlər də görülür, menecer tərəfindən proqram hazırlanır.

 

Söz etdyimiz menecerə gəlincə, Ramil Adıgözəlov əslən azərbaycanlı olsa da Moldovada doğulub, orada yaşayıb. Azərbaycanla da əlaqələri olan menecer Cavidlə bağlı məlumat alıb və oyununu canlı izləmək üçün ölkəyə gəlib. Bu üzdən fürsətdən istifadə edərək onunla görüşdük və gənc qapıçı ilə bağlı gələcək planlarını öyrəndik. Yeri gəlmişkən, bu məsələdə bizə yardımçı olan idman funksioneri Emil Şükürova da təşəkkürümüzü bildiririk. Ümumiyyətlə Emil bəy, Cavidin daha yaxşı hazırlaşması, ölkə xaricinə getməsi üçün Adıgözəlova yaxından köməklik göstərir. 

 

 

Azərbaycanlı menecerin fikirlərinə gəlincə, şübhəsiz əvvəlcə onun işi, Azərbaycana gəlişi, Cavidlə tanışlığı ilə maraqlandıq. Özü haqda məlumat verməsini istədik: "Adım Ramildi. Əslən azərbaycanlı olsam da Moldovada böyümüşəm. Orada futbol agenti fəaliyyəti ilə məşğulam. Artıq 1 aya yaxındı ki, Bakıdayam. Bura həm çoxdan tanıdığım Emilin, həm də gənc və yeniyetmələrlə bağlı layihə olan "Tufan" klubunun dəvəti ilə gəlmişəm. Bu dövr ərzində, həm U-17, U-19 liqalarında, o cümlədən əvəzedicilərin və Azərbaycan Premyer Liqasında bir çox oyunları izləmək şansım olub. Buna qədər Azərbaycanda çıxış etmiş və hazırda oynayan moldovalı futbolçuları yaxşı tanıyıram. Onlarla yaxın münasibətlərim var. Ancaq Azərbaycanda uşaq futbolu, akademiyalarla bağlı məlumatım yox idi. Bu haqda da məlumatlar toplamağa gəlmişəm".

 

Ramil bəy Cavidlə tanışlığı, o cümlədən Azəraycandakı fəaliyyəti ilə bağlı qarşıdakı planlar haqda bunları söylədi: "Cavid haqqında həm internetdən, həm Azərbaycandakı dostlarımdan məlumat toplamışdım. Emil müəllim də onun haqqında müəyyən statistik məlumatları, videomaterialları mənə göndərmişdi və izləmişdim. Təbii ki, ilk növbədə gözə çarpan, onun biometrik göstəriciləridi. 16 yaşda, 1.94 metr boyu olması, müəyyən klublarda oynaması və sair. Təsadüfən elə oldu ki, mən Azərbaycana gələn ərəfədə o "Xəzər Lənkəran"la oyunda qırmızı vərəqə aldı və diskvalifikasiya oldu. Cəzalandırıldığı üçün oyunda canlı izləyə bilmədik. Amma fürsətdən yararlanıb onu Bakıya dəvət etdik. Bir müddət onunla vaxt keçirdik. Fərdi məşğələlər oldu. Uzaqda, Gürcüstanla sərhəd olan Ağstafada yaşayır. Bakıda məşq zamanı onu izləmək şansımız olub".

 

 

Menecer onun potensialı haqda da danışdı: "Öz düşüncələrimdən əlavə, Cavid haqda bir neçə məşqçinin də fikrini ümumiləşdirib demək istəyirəm. Hansı ki, onlar elə-belə deyil, kifayət qədər adı olan məşqçilərdi. Təxminən 1 il yarım vaxt qalıb. 18 yaşına qədər düzgün məşqçinin rəhbərliyi altında məşq edərsə indikindən dördqat güclü ola bilər. İndiyəqədərki məktəbində müəyyən boşluqlar, zəifliklər olub. Ona görə də mütləq şəkildə onunla daimi çalışmaq lazımdı ki, "artırsın". Bunu edəcəyi təqdirdə, inanıram ki, Avropada çox uğurla çıxış edə biləcək futbolçu olacaq. Belə desək, işlənməsi lazım olan "xammal"dı. Düzgün məşqçinin əlinə düşməlidi. Belədə kifayət qədər yüksək yerlərə çata bilər. Mətbuatda müəyyən məlumatlar oxumuşdum. Amma bir neçə günü onunla yanbayan keçirdim. Başa düşürəm, hələ həyatda öz yerini tapa bilməyən 16 yaşlı gəncdi. Hamımızda belə problemlər olur. Onda da müəyyən çatışmazlıqlar var. Amma çox yaxşı uşaqdı. Davranışlarında heç bir problem yoxdu, özü ilə də vaxt keçirdik, söhbət etdik. Onun potensialına inanıram".

 

Bir müddət əvvəl U-17 liqasında "Kəpəz" səfərdə "Xəzər Lənkəran"ın qonağı oldu. Qalmaqalla bitən, sonuna yaxın azarkeşlərin meydançaya axışdığı bu matçda sözügedən qolkiper də qırmızı vərəqə ilə cəzalandırılanlar arasına düşdü. Halbuki ortalığı qarışdıran yerli azarkeşlər və "Xəzər Lənkəran"ın futbolçuları olmuşdu. Nəticədə 4 oyunluq cəzalandırılan qapıçının oyununu menecer canlı izləmək imkanı əldə edə bilməyib. Adıgözəlov bu məsələ ilə bağlı fikirlərini bildirdi: "Cavidin diskvalifikasiyası elan olunandan sonra, AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etdik ki, heç olmasa cəzası yarıbayarı azaldılsın və yerdə qalan oyunlar üçün şərti cəza verilsin. Çünki futbolçu belə halda başa düşür ki, gənc olmasına bağışlaya bilirlər bəzi şeyləri. Ona tərəf addım atırlar və futbol ictimaiyyəti bunu nəzərə alır. Yəni qayğısını çəkməyə meyillidilər. Təbii ki, hamımız eyni şey üçün çalışırıq. Şəxsi fikrimcə, gənclərin futbolunda cəzalar zamanı bəzi məqamlara göz yummaq olar. Xüsusən də oynamaq baxımından. Təəssüf ki, cəzası azaldılmadı və onu iş başında görə bilmədim".

 

Gənc qolkiperin apellyasiya və cəza məsələləri ilə bağlı son durum haqda isə Şükürov bizi məlumatlandırdı və əlavələr etdi: "Əvvəla, oyundan tam çəkiliş yox idi. Yalnız bəzi görüntülər vardı. Situasiya isə belədi: Oyunun sonunda "Kəpəz"in oyunçusu topu vaxt udmaq üçün rəqibə vermək istəməyib. Cavid də əllərini açıb futbolçuları sakitləşdirmək üçün onlara yaxınlaşıb. Həmin anda qapının arxasına toplaşmış azarkeşlər meydançaya axışmağa başlayır. Açıq görünür ki, şüşə qab, daş, oturacaq atırdılar. Cavidə halal olsun ki, sona qədər dözüb, sadəcə azarkeşlər üzərinə hücum çəkəndə özünü müdafiə üçün ona atılan yumruğun qarşılığını verib. Əlbəttə, buna bəraət qazandırmıram. Mənim fikrimcə, peşəkarlığa doğru addım atan futbolçu belə hallardan qaçmalıdı. Ancaq baş hakim qırmızı vərəqəni "Xəzər Lənkəran"ın 9 nömrəli futbolçusuna göstərib. Videoda isə həmin futbolçunun Cavidin yanında olması və yumruq atması yoxdu. Cavid "Xəzər Lənkəran"ın 14 nömrəli futbolçusu ilə yumruqlaşırdı. Azarkeş də gəlib ona yumruq atanda qarşılıq olaraq Cavid onu itələyib. Yalnız 14 nömrəli futbolçunun hərəkətindən sonra Cavid ona cavab verir. Düzdü hər iki qırmızı vərəqə haqlıdı. Amma baş hakim vərəqəni səhv göstərib. İntizam Komitəsini isə qınamıram, çünki əllərində videoyazı olmadığı üçün, protokola əsasən 4 oyunluq cəza qərarı verib. Müraciət etdiyimiz Apellyasiya və Arbitraj Tribunalı isə protokolu qaytarıb yenidən İntizam Komitəsinə. Çünki protokol səhv yazılıb. Yəqin ki, cəza olduğu kimi qalacaq. Ancaq burda söhbət vaxt itirməyimizdən gedir. Protokol düzgün tərtib olunsaydı, hakim səhv etməsəydi, biz artıq ötən həftə futbolçunun bağışlanmasını, U-15-ə çağrıldığını, xaricdən ona izləməyə menever gəldiyi üçün cəzasının azaldılmasını istəyəcəkdik. Çox söz-söhbət olub. Həmin anda 100 nəfərdən 99-u özünü müdafiə edərdi. Çünki onu vururlar. 17 yaşlı uşaqların təhlükəsizliyi təmin olunmayacaqsa, biz onların gələcəyinə necə əmin ola bilərik? Təsəvvür edin gələcəkdə futbolçu hansı oyuna getsə bir gözü topda, digəri arxadakı azarkeşdə qalacaq. Halbuki futbola köklənməlidi. Adam Ağstafada məşq edir, oyun vaxtı "Kəpəz"ə qoşulur, belə olmamalıdı"

 

Moldovadan ölkəmizə təşrif buyuran menecer də gələcək planlarla bağlı bunları dedi: "Qarşıda ilyarım vaxt var. Avropaya getməsi üçün 18 yaşını tamamlamalıdı. Bu standart qaydalardı. Cavidin inkişafı üçün uzunmüddətli planımız var. Bunun əsas hissələrindən biri, klubların birində onu texniki baxımdan inkişaf etdirəcək məşqçi ilə çalışmasıdı. Bundan əlavə özünün də müəyyən məsuliyyətləri anlayıb, böyüməsi lazımdı. Ən azı mütləq şəkildə xarici dillərdən birini, ingilis dilini öyrənməsi vacibdi. Bu əlaqə, uyğunlaşma baxımından vacib amildi. Transfer məsələlərinə gəlincə, ümid edirəm ki, 18 yaşına çatanda durumu Avropada oynamaq üçün kifayət edəcək. İlk növbədə Şərqi Avropa ölkələrindən başlayacağıq. Azərbaycanlıların Şərqi Avropada uyğunlaşma prosesi daha asan keçir, nəinki Mərkəzi və Qərbi Avropada. İlk növbədə isə o, "Kəpəz"lə müqaviləsinə hörmətlə yanaşmalıdı. Komanda da futbolçusuna dəyər verməlidi. Təbii ki, biz də hörmətlə yanaşırıq. Ancaq onun inkişafı üçün məşq şəraiti olmayacaqsa, Avropaya gedənə qədər Azərbaycanda başqa komandaya keçməsini məsləhət görəcəm. Azərbaycanlılar mentalitet baxımından emosional xalqdı. Analiz etmədən qərar verməyə meyillidilər. Təbii, uşaqla danışmışıq. Elə bir yaşdadı ki, onu nəzarətsiz buraxmaq olmaz. Daim onunla işləmək lazımdı ki, istənilən psixoloji situasiyada özünü itirməsin, qapanmasın. Əksinə bunu sədd kimi görüb aşmağa çalışsın. Fikir vermişəm ki, Azərbaycanda mental olaraq futbolçular gec yetişir. Hətta 21-23 yaşlarında olan futbolçuları "gənc və perspektivli" adlandırırlar. Halbuki, istər Rusiya, Ukrayna, Şərqi Avropa ölkələri olsun, 17-18 yaşlı futbolçu atıq əsas heyətin ən azı rotasiyaya hazır olan üzvü, bir parçası kimi görülür. Yavaş-yavaş əsas heyətə gətirilir. Bu mənada Azərbaycan futbolunda uşaqların yetişməsi, texniki cəhətdən əsas heyətə hazırlanması və inkişafı gecikir".

 

Ramil bəy Azərbaycanda başqa uşaqlarla da maraqlandığını və perspektivli futbolçuların olduğunu bildirdi: "Hazırda Cavidin sənədləşmə, menecerliklə bağlı işləri ilə məşğuluq. Bu üzdən başqalarını tam izləyə bilməmişəm. Baxdıqlarımın arasında 2003-2004 təvəllüdlü futbolçular var ki, gələcəkdə Avropada oynaya bilərlər. Hətta bəzi klubların nümayəndələri ilə daimi ünsiyyətdəyik. Hazırda konkret nəsə deyə bilmirik, çünki baxıb seçmək məsələsi var. Komandaların həm məşqlərində, həm oyunlarında olmuşam. U-17, U-19 komandalarının görüşlərini izləmişəm. Təəssüf ki, aşağı yaş qruplarından ibarət Azərbaycan yığmasının oyunlarını izləmək imkanım olmayıb. Amma deyə bilərəm ki, gördüyüm qədərilə hazırda Avropada oynaya biləcək futbolçu Mahir Əmrəlidi". (sport7.az)