“Çempion olmaq istəyiriksə, bütün məqamlarda diqqətli olmalıyıq”.

Rekord.az xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis “Sərhədçi”ni 117:100 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının 8-ci turunun oyunu barədə klubun mətbuat xidmətinə fikirlərini bildirib.

O, ilk hissədə oyuna yaxşı qoşulmadıqlarını etiraf edib: “Ən böyük özəlliyimiz matçlara yaxşı başlamaqdır. Amma son 2-3 görüşdür ki, ilk dəqiqələrdən motivasiyamız əskik olur. Səbəbini özüm də tapa bilməmişəm. Üçüncü və dördüncü periodda fərqli oynadıq. Rəqiblərə hörmətlə yanaşıram. Amma 40 dəqiqə zona müdafiəsi oynayan komandaya qarşı çıxış etmək basketbolun gözəlliyi deyil. Ötən oyunda da belə olmuşdu, bu dəfə də eyni formada alındı. Doğrudur, basketbolda hansısa taktika düşünülməlidir. Amma zona müdafiəsini uzun müddət tətbiq etmək olmaz. Belədə basketbol azarkeş üçün zövqverici olmur. Hər halda, bunların hamısı basketbolun bir parçasıdır, hər şeyə hazır olmalıyıq. Nəticədə ardıcıl dördüncü, liqada isə yeddinci qələbəni qazandıq. “Sabah”la qarşıdakı matça daha yaxşı hazırlaşacağıq”.

Baş məşqçi oyunçularından razı qalmadığını söyləyib: “Bu oyuna qədər çempionatda rəqibə ən az atış şansı verən komanda idik. Amma “Sərhədçi” ilə matçda rəqibin çox xal qazanması bizə yaraşmadı. Oyunçularımı məhz bu məqamla bağlı ayrıca tənqid edirəm”.

Murat Dikmen yeni transferləri də dəyərləndirib: “Onlar bazar ertəsi bir saatlıq məşqə çıxdılar. Dünən isə taktiki məşqlərə qatıldılar. Bu mənada hələ ki komandanın ümumi fəlsəfəsini çox bilmirlər. Amma Aubri çox yaxşı müdafiəçidir. Qısa müddətdə üç dəfə top “oğurladı”. Makol isə qüvvətsiz kimi görünsə də, atletikdir. Ondan da çox faydalanacağıq. Onların zamana ehtiyacı var. Bundan sonra liqanı ilk “dördlük”də bitirib, daha sonra pley-offa çıxaraq finalda oynamaq və çempion olmaq istəyirik. İlk gündən bunu deyirəm. Ümidvaram ki, bunu bacaracağıq”.

Qeyd edək ki, “Xəzri” 8 turdan sonra 15 xalla Azərbaycan Basketbol Liqasına başçılıq edir.