Çempionumuz təklif edir ki, şahmatda xallar futboldakı kimi hesablansın
- 22 Mar 2021 16:45
- 1054
"Mahir müəllimin fikirləri maraqlıdır. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidentidir. Bunu deyirsə, deməli, mübarizə aparmaq lazımdır".
Rekord.az xəbər verir ki, bunları Azərbaycan şahmatçısı Rauf Məmmədov FIDE-nin vitse-prezidenti Mahir Məmmədovun Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun öz aralarında bilərəkdən heç-heçə oynamaları barədə fikirlərinə münasibət bildirərkən deyib.
Üçqat Avropa çempionunun sözlərinə görə, bu hallara son qoymaq üçün futbol sisteminə keçmək lazımdır: "3 xal qələbə, 1 xal heç-heçə olsun.
Bundan sonra belə söhbətlər olmayacaq. Mahir Məmmədov FIDE-nin vitse-prezidenti kimi bu məsələni qaldıra bilər. Ondan sonra bu hadisə baş verməz. Çünki heç kimə heç-heçə sərf etməyəcək".
Məmmədov bildirib ki, bu, təkcə azərbaycanlı qrossmeysterlərin arasında olmur: "Digər şahmatçıların da görüşlərində bu hallara rast gəlinir. Bu, düzgün problemdir.
Sistemi dəyişdirmək lazımdır. Bundan sonra şahmat daha maraqlı olacaq. Mahir Məmmədov bizə qulaq asırsa, bu məsələni FIDE-də qaldırar. Ondan sonra bu cür heç-heçələr olmayacaq".