“Çətin durumdayıq, amma dünyanın axırı deyil” - Diniyev
- 2023-12-10 18:39
- 190
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun haqda geniş danışmaq istəmirəm. Hər bir komponentdə “Sabah”a uduzduq. Komanda meydana çıxanda sanki artıq hazır deyildi, qorxurdu. Durum o yerdədir ki, qalan oyunları birtəhər yola verməliyik. “Turan Tovuz”la matçdan sonra böyük problemlərimiz var. Oyunçu qıtlığını deyirəm. Artıq üçüncü oyunçumuz əməliyyata yollanacaq. Rotasiya üçün böyük heyətimiz yoxdur. Problemlərimiz çoxdur. David Qomis də olmayacaq. İki oyunu başa vurmalıyıq. Yəqin ki, transferlər edəcəyik. 16 turda ilk dəfə idi ki, birinci hissəni belə keçirirdik. Heç vaxt belə olmamışdı. Komandadan, nəticədən və oyunumuzdan narazıyam. Futboldur da, dünyanın axırı deyil ki. Hər komandada eniş olur. Bizdə də həmin eniş gedir. İki oyunu uğurla başa vurmaq istəyirik. 4-5-ci yerlərdəyik. Artıq ehtiyatımız qalmayıb. İtkilərə baxmayaraq, qarşıdakı iki oyuna və kubok matçına hazırlaşmalıyıq".