Belçikanın Brüssel şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLIV Baş Assambleyası keçirilib. "Rekord.az" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça və CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi Assambleyaya yerli federasiyaların nümayəndələri qatılıb. Yığıncaqda Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri də iştirak edib. 
Baş Assambleyada ölkəmiz AVF-nin baş katibi Faiq Orucov, AVF prezidentinin Beynəlxalq məsələlər üzrə müşaviri, CEV-in İdarə heyətinin üzvü Cəlil Cəfərov, icraçı direktor Vidadi Hacıyev, federasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman ilə təmsil olunub. 
Assambleyada 2022-ci ilin hesabatı dinlənilib. Eyni zamanda cari və növbəti il üçün CEV-in planları müzakirə olunub. Yerli federasiyalara yarışların təşkili və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.