Azərbaycan Voleybol Federasiyasının əməkdaşı Avropa Voleybol konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. "Rekord.az" xəbər verki, federasiyanın Regional İnkişaf Mərkəzinin rəhbəri, CEV Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında "Challenge Kuboku"nun final qarşılaşmasında iştirak edəcək.

İsmayılova Yunanıstanın "Olimpiacos" və İsrailin "Maccabi Tel-Aviv" klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Yunanıstanda baş tutacaq.

CEV-in təyinatına əsasən İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.