Səhər açılandan izləyirəm. Üstündən bir gün keçməsinə baxmayaraq, idman dünyası hələ də Azərbaycan Qran-Prisindən danışır. Bütün sosial şəbəkələr, Youtube, saytlar və s. Yarışın bitimindən sonrakı 3 saat ərzində dünya tvitter trendinin (tək idman yox, ümumilikdə dünya trendinin) ilk 10-luğundakı 10 həştəqin 10-u da Bakıdakı yarış haqda idi. İnanılmaz bir şeydi. Yəqin ki, bu gün yenidən müharibəyə başlayıb, bütün Ermənistanı alsaydıq belə, qeyd etdiyim fakt gerçəkləşməzdi. Şübhəsiz, Formula 1 Azərbaycanda keçirilən bütün yarışların ən xeyirlisidi.


Bəli, trasın qurulmasına, yarışa görə şəhərə, sakinlərə verilən narahatlıq çox böyükdü, özüm də hər dəfə bunu hiss edirəm. Amma şəhər iflic ediləcəksə, belə şey üçün edilsin. Bu yarışdan bu gün real gəlir götürməsək də, ölkənin tanıdılmasına nəhəng qatqı edir. İmkan edib reaksiyaları özünüz də tapıb izləyin. "Bakı həmişə maraqlıdı", "Qoy, bütün Formula mərhələləri Bakıda keçirilsin", "Əla, Bakı", "Bakı heç vaxt üzmür", "Təşəkkürlər, Bakı" və başqa bu kimi cümlələr bütün internetdədi, rəsmən havada uçuşur. Dünən axşam lap "ağıllarını itirmişdilər", indi bir az sakitləşiblər. Ciddi təbliğat maşınıdı, çox ciddi...


Hə, o ayrı məsələ ki, biz bu təbliğatdan necə yararlanırıq. Yetərli qədər, ya ümumiyyətlə yararlana bilirikmi? İndi Azərbaycanın informasiya müharibəsində həmişəkindən daha çox köməyə ehtiyacı var. Bu günə qədər dünyanın Qarabağdan, orda baş verənlərdən cüzi, o da daha çox ermənilərin versiyaları üzərində köklənmiş məlumatlarla xəbəri vardı. 44 günlük müharibə ilə planeti oyatdıq və indi öz həqiqətlərimizi yeritmək, dünyanın gözü qarşısında silah yox, söz duelində qalib gəlməyimizin vaxtıdı. Formula 1 bu baxımdan bizim üçün əla şansdı. 


Digər bir məsələ də var. Dünyanın ildırım sürətilə qapalı məkanlardan açıq havaya qaçdığı, planetin turizm partlayışı astanasında olduğu bu məqamı heç cür qaçırmaq olmaz. Pandemiya hər kəsi yorub: bizi də, avropalısını da, asiyalısını da, amerikalını da, rusu da. Hamının istirahətə ehtiyacı var və niyə də bu qədər adam öz istirahətini Azərbaycanda, lap elə daş cəngəllik Bakıda keçirməsin? Ölkəmizə gələcək xarici valyutanın həcmi birə-beş, hətta birə-on arta, minlərlə, onminlərlə insan iş başına keçə, rifahını düzəldə, ölmüş iqtisadiyyatımızın dirilməsi üçün ciddi stimul ola bilər. Hələ bu həftə futbol üzrə Avropa çempionatı da başlayır. Bu virus oyununa boliddən aldığımız ötürmə ilə topa dəqiq toxunuşla ciddi zərbə vura, yenidən qalib tərəf ola bilərik.

 

Kənan Məstəliyev