Çin Qran-prisini bu şəhər əvəzləyə bilər
- 17 Fev 2020 14:17
- 885
2006-cı ildən "Formula 1" yarışlarını qəbul etməyən İtaliyanın İmola şəhərindəki avtodrom yenidən çempionatın təqviminə salına bilər.
Rekord.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu, koronavirus təhlükəsinə görə qeyri-müəyyən tarixə təxirə salınan Çin Qran-prisi baş tutmayacağı halda gerçəkləşəcək.
İddaya görə, daha əvvəl San-Marino Qran-prisini təşkil etmiş avtodrom rəhbərliyi artıq bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasına (FIA) məktub göndərib. Ancaq bunun üçün əvvəlcə şəhərdəki iki əsas problem həll olunmalıdır. Birincisi, "Formula 1"in təqviminə düşmək üçün qısa müddətdə İmolada müasir təhlüksəsizlik tələblərinə cavab verən avtodrom inşa olunmalı, ikincisi, yarışın təşkilini maddi cəhətdən təmin edə biləcək böyük sponsor tapılmalıdır.
Qeyd edək ki, Çin Qran-prisi 17 - 19 apreldə keçirilməli idi. 5 - 7 iyunda isə Azərbaycan Qran-prisi olacaq.