Çində çıxış edən millimizin üzvləri bürünc medal qazandılar
- 08 Yan 2023 16:01
- 483
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvləri blokçumuz Mariya Kirilyuk və hücumçumuz Odina Əliyeva Çin çempionatında çıxışlarını başa vurublar. "Rekord.az" xəbər verir ki, voleybolçularımızın şərəfini qoruduğu "Shenzhen" Çin Liqasında bürünc medal qazanıb.
Voleybolçularımızın komandası üçüncülük uğrunda "Fujian" klubu ilə qarşılaşıb. Reqlamentə görə, bürünc medala sahib çıxmaq üçün iki qələbə qazanılmalı idi. "Shenzhen" bu vəzifənin öhdəsindən layiqincə gəlib. Cütün gərgin keçən ilk görüşündə voleybolçularımız və rəfiqələri çətinliklə də olsa 3:2 (25:22, 16:25, 23:25, 25:22, 15:8) hesabı ilə qalib gəlmişdilər. Cavab matçında isə onlar daha yaxşı oyun sərgiləyərək rəqibi 3:1 (17:25, 25:22, 25:21, 25:22) hesabı ilə üstələyiblər. Bununla da yekunda iki qələbə qazanan "Shenzhen" Çin Liqasını üçüncü yerdə başa vurub.
Voleybolçularımız komandalarının bürünc medal qazanmasında mühüm pay sahibi olublar. Belə ki, blokçumuz Mariya Kirilyuk bu qarşılaşmada 15 dəfə fərqlənib. O, xallardan 7-ni hücumda, 6-nı blokda, 1-ni isə eyslə qazanıb. Hücumçumuz Odina Əliyeva isə 14 xal qazanıb. O, rəqibi 12 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə eyslə məyus edib.
Çin Liqası (qadınlar)
Bürünc medal uğrunda
1-ci oyun
"Fujian" - "Shenzhen" 2:3 (22:25, 25:16, 25:23, 22:25, 8:15)
2-ci oyun
"Shenzhen" - "Fujian" 3:1 (17:25, 25:22, 25:21, 25:22)