Çingiz İsmayılov: "Koronavirus bioloji silahdır, hansısa ölkə icad edib və yoxlamaq istəyib" MÜSAHİBƏ
- 25 Apr 2020 13:00
- 825
Rekord.az AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun müsahibəsini sizə təqdim edir:
- Koronavirusla mübarizədə gününüzü necə keçirirsiniz?
- Bütün millət necə, mən də elə. Deyiblər ki, evdən bayıra çıxmayın. Amma istər-istəməz, evdən 20-30 metr çölə çıxırsan. Hər şey normaldır. Xəstəliyin tezliklə bitməsini, camaatın da futbol oynamasını gözləyirik.
- Sağlamlığınız necədir?
- Şükürlər olsun ki, şikayətim yoxdur.
- Çölə çıxdığınızı vurğuladınız. Amma yaşı 65-dən çox olanların çölə çıxmalarına qadağa qoyulub. Məcburiyyətdən çıxırsınız?
- Əvvəllər deyirdilər ki, qocalar gəzməyə çıxsınlar, parklarda, bulvarda otursunlar. İndi isə qadağa qoyulub. Fikir verin: xəstəliyə yoluxanların əksəriyyəti 20 - 45 yaşlı cavanlardır. Dünyasını dəyişən qocaların sayı heç 7-8 faiz deyil, çoxunun yaşı çatıb, ölüblər. Allah insana nə qədər ömür veribsə, o qədər də yaşayır. Özüm 85 yaşı keçmişəm. Bu yaş üçün özümü normal hiss edirəm.
- Böyük Vətən Müharibəsi dövrünü görmüsünüz. Hazırkı vəziyyəti həmin dönəmlə müqayisə edə bilərsiniz?
- Müharibədə bilirdin ki, sənin rəqibin kimdir və ona qarşı mübarizə aparırdın. İndi isə gözə görünməyən rəqibimiz var. Allah bilir, hardan gəlib. Mənə elə gəlir ki, bunu icad ediblər.
- Koronavirusun "bioloji silah" olduğunu düşünürsünüz?
- Bəli. Bu, bioloji silahdır. Hansısa ölkə bunu icad edib və yoxlamaq istəyib. Yoxlayanda da görüb ki, çox yayılıb. Dünyanın 200-dən çox ölkəsində bu xəstəlik var.
- Çölə çıxmağa icazəsi olmayan şəxs kimi, ehtiyacınız varmı ki, nəyisə gətirib çatdırsınlar?
- Bu yaşda insanın nə problemi ola bilər? Ancaq istirahət etməli və istədiyimiz işlə məşğul olmalıyıq. Mən həyət evində yaşayıram, boş vaxtlarımda güllərə baxıram. Vaxtımı belə keçirirəm. Boş durmağı heç vaxt xoşlamıram. Xəstəliyə qədər elə gün olmurdu ki, 4-5 km piyada yol getməyim. İndi isə getdiyim məsafələr maksimum 300-400 metrdir. Ərzaq almaq üçün özüm supermarketə gedirəm.
- Aprelin 12-də 85 yaşınız oldu. Belə bir vəziyyətdə doğum gününüzü necə qeyd etdiniz?
- Mən bütün nəvələrimi başıma yığa bilmədim. Amma oğlumla gəlinim məni təbrik etdilər. Oturduq, yemək hazırlamışdıq. Televizora baxdıq, çörəyimizi yedik. Hətta tort da hazırlamışdılar, üzərində "85" yazılmışdı. Stolun üstündə hər cür nemət var idi, elə içki də...
- Bu gün “Evdə qal, sağlam qal” şüarı əsas götürülür. Artıq uzunömürlü sayıla bilinəcək şəxs kimi deyərdiniz: Doğurdanmı evdə qalmaqla sağlam qalmaq mümkündür?
- Belə bir atalar sözü var: İş insanın cövhəridir. Fiziki işlə mütləq məşğul olmaq lazımdır. 85 yaşımın 65-ni idmanda keçirmişəm. Televizorda idmançılar elə hərəkətlər göstərir və camaata deyirlər ki, belə hərəkət edin, idmanla bu cür məşğul olun. Peşəkar idmançılar üçün olan hərəkətləri göstərirlər. Halbuki, ilk olaraq, isinmə hərəkətindən başlamaq lazımdır. Mən hər gün fiziki hərəkətləri yerinə yetirirəm. 5 - 10, maksimum 15 dəqiqə fiziki hərəkət edirəm.
- Hazırda əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da çempionat dayandırılıb. Komandaların karantindən çıxış prosesi necə baş verməlidir?
- Əslində o vaxtlar da karantin var idi. Futbol oyunumuza iki gün qalmış bizi yığırdılar, bazada qalır və matça hazırlaşırdıq. İndi isə futbol dayanıb. Amma bütün dünyada dayandığını demək olmaz. Tacikistan və Belarus çempionatı keçirilir, Türkmənistanda isə yenidən başladı. Mənə elə gəlir ki, bizim komandaların da hamısının bazası var. Ora yığışıb, bütün oyunçuları yoxlamaq və çempionata hazırlaşmaq lazımdır. Çünki idmançı seçdiyi növlə 3-4 ay məşğul olmursa, məşq etmirsə və yaxud evdə bəzi hərəkətlər edirsə, o, formadan düşəcək.
- Azərbaycan Premyer Liqasının dar çevrədə başa çatdırılmasının tərəfdarısınız?
- Əlbəttə. Bizim çempionat niyə dayandı? İnsanlar stadiona gedirdilər. Amma ölkədə, xüsusən də Bakıda azarkeş sayı azdır. İspaniyalılar və italiyalılar mayda çempionata başlamaq istəyirlər. Amma bu, elə xəstəlikdir ki, sağalan insan ikinci dəfə yoluxsa, aqibəti pis ola bilər. Hər halda çempionat olmalıdır, ancaq insanların sağlamlıqları da önəmlidir.
- Veteran futbolçu və ahıl insan kimi Sizinlə maraqlanırlarmı?
- Prezident İlham Əliyev həmişə deyir: "Biz insanların sağlamlığını qorumalıyıq". Mən bu fikri dəstəkləyirəm. Prezidentimiz sağ olsun ki, bizim, ahılların qayğımıza qalır. Futbol veteranlarını unutmaq olmaz, zəng edib vəziyyətlərini soruşmaq lazımdır. Mənə bəzi zənglər olur, soruşur, maraqlanırlar. İnsan qocaldıqca uşaqlaşır (gülür / report).