“Çox ümidliyəm, futbolçularıma inanıram” – Samir Abasov
- 30 İyl 2024 22:20
- 159
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar"la cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Matçın çətinliyi haqda nəsə demək şablon çıxacaq. Rəqibin çempionatda keçirdiyi oyunu da izləmişik. Ümid edirəm ki, maraqlı qarşılaşma olacaq – Sumqayıtdakı kimi. İstəyirəm ki, oyun bu dəfə də hakimlərin səhvi ilə yadda qalmasın. Bura yaxşı motivasiya ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əhvalımız yaxşıdır, nə etmək lazım olduğunu bilirik. Uşaqlar da bunu anlayır. İtkilər, heyətdəki çatışmazlıqları kənara atmışıq və yaxşı ümidlərlə gəlmişik. Arenada yaxşı atmosfer olacağını gözləyirəm. Ümid edirəm, bunu öz təcrübəmizə, xeyrimizə çevirə biləcəyik.
Hesab bəllidir, itirəcəyimiz nəsə yoxdur. Hələ heç nə bitməyib. Oyuna çox ümidliyəm və futbolçularıma inanıram. Bu yöndə uşaqları kökləməyə çalışacam.
Sumqayıt sakinləri arasında mərhələ keçməyinizə inanlar da az deyil. Bu sözlər məni əlavə motivasiya edir. Bizə bu qədər şans verirlərsə, deməli, inanırlar. Bunu futbolçulara da çatdıracam. Deməli, gücümüzə inanırlar, dəstəklərini əsirgəmirlər. Şanslar bərabərdir, bizə inananlar da sağ olsunlar".
"Fehervar" - "Sumqayıt" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.