“Çoxdan idi bu cür intizamsız, zəif oynamırdıq”
- 24 Okt 2019 23:02
- 997
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün Monteneqroya qarşı keçirilmiş oyunu şərh edib.
Rekord.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bu oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsentrasiyasız çıxmışdı. Birinci hissədə bu, aşkar görünürdü. Nəticədə çox pis oynadıq. Çoxdan idi bu cür intizamsız, zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik. Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim. Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik. Son oyunda Slovakiya yığması ilə qarşılaşacağıq. Şanslarımız bərabərdi. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var. Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdu”.