Cüdoçularımızın 2022-ci ildə qazandıqları medal sayı açıqlandı
- 12 Yan 2023 16:30
- 437
50 illik yubileyini qeyd edən Azərbaycan cüdosu üçün 2022-ci ili məhsuldar adlandırmaq olar.
Rekord.az xəbər verir ki, il boyu müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr və ilklər qazanılıb.
Azərbaycan cüdo tarixində ilk dəfə qarışıq komanda yarışında qızıl medal qazanılıb. Belə ki, Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən 16-cı Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan cüdoçuları bütün komandaları üstələyərək festivalın qızıl medalını əldə ediblər.
23-25 iyunda Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışlarında yeniyetmə oğlanlardan ibarət Azərbaycan komandası 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutub.
15-17 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlarında gənc oğlanlardan ibarət Azərbaycan komandası 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci olub.
Veteran cüdoçu Fərhad Rəcəbli 10-cu dəfə Dünya çempionu və 8-ci dəfə Avropa çempionu tituluna sahib çıxıb.
Bu il Azərbaycan milli yığma komandasının idmançıları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində 4 qızıl və 2 bürünc medal qazanaraq rekord nəticə göstəriblər. Bu, həm Bakıda keçirilən “Böyük Dəbilqə” yarışlarında və ümumiyyətlə bütün “Böyük Dəbilqə” yarışlarında milli yığmanın əldə etdiyi ən yaxşı nəticədir.
Xatırladaq ki, Azərbycan cüdoçuları il ərzində Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin təqvimində yer alan bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçiriən beynəlxalq yarışlarda ümumilikdə 198 medal əldə edib. Bu medallardan 66-sı qızıl, 56-sı gümüş və 76-sı bürünc olub.