Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə 1/4 final döyüşləri başa çatıb.

Rekord.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı yarımfinalda iştirak hüququ qazanıb.

Hindistanlı Tali Taba ilə qarşılan Kənan Babayev (48 kq) inamlı qələbə qazanıb. Avropa çempionumuz rəqibini 5:0 (29:28, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Babayev finala vəsiqə uğrunda qazaxıstanlı Uslam Seksenbayevlə üz-üzə gələcək.

71 kq çəki dərəcəsində mübarizə aparan Daniel Xolostenko Ankenin (Hindistan) ardınca fransalı Mobir Trbiçə üz-üzə gəlib. Gərgin keçən döyüşü boksçumuz aktivinə yazıb – 3:2 (27:26, 28:25, 26:27, 26:27, 27:26). O, yarımfinalda qazaxıstanlı İslam Sovetovla münasibətinə aydınlıq gətirəcək.

Fətəli İsmayılov (80 kq) da rinqdən qalib ayrılıb. Denis Dahlla (Norveç) döyüşən idmançı görüşün taleyinin ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan İsmayılov yarımfinalda ukraynalı Vladislav Dudarla qarşılaşacaq.

1/4 final mərhələsinin yekuna əsasən 4 boksçumuz yarışda özü üçün ən azı bürünc medalı təmin edib. Bu idmançılardan öncə Səbuhi Əlizadə (+92 kq) də adını yarımfinala yazdırıb. Onun rəqibi İvan Yermolenko (Qazaxıstan) olacaq.

Qeyd edək ki, 21 ölkədən 189 idmançının qüvvəsini sınadığı yarışda qalib sentyabrın 18-də müəyyənləşəcək.