“Daha çox bağışlayacağam, daha az kədərlənəcəyəm” - Terim
- 31 Mar 2020 14:43
- 600
Koronavirusa yoluxan Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin sağalaraq xəstəxanadan evə buraxıldığını xəbər vermişdik.
Rekord.az xəbər verir ki, evdə daha 14 gün karantində olacaq təcrübəli mütəxəssis “İnstaqram" səhifəsində bütün dünyaya yayılan pandemiya ilə bağlı düşüncələrini bölüşüb:
“Bu, dünyanın keçdiyi bir imtahandı... Bəzilərimiz viruslarla, bəzilərimiz səbirlə, bəzilərimiz ağıl və inancla sınanırıq. Allah hamının imtahanını ürəyinə görə versin... Mən bu imtahandan çox şey öyrənərək çıxacağam. Daha çox qiymət biləcəyəm və karantin müddətindən sonra ailəm və yaxınlarımla daha çox vaxt ayıracağam. Yaratdığım, töhfə verdiyim hər şeyin mənə daha çox rahatlıq verməsini təmin edəcəyəm. Daha çox bağışlayacağam, daha az kədərlənməyə çalışacağam. Xəstəxana mərhələsini başa vurub evimdəki mərhələyə keçirəm.
Bu müddətdə xəstəxananın həkimlərinə, dəstəyini və duasını əsirgəməyən böyüklərimə, dostlarıma, övladlarıma, bütün azarkeşlərə, səbir və ümidlə yanımda olan ailəmə təşəkkür edirəm. Nə olar, imkanınız olduğu qədər evdə qalın və özünüzü qoruyub tədbirlərinizi görün. Dünən olduğu kimi, bu gündən sonra da etdiyim hər duamda bu virusla mübarizə aparan bütün insanlar və həyatlarını həyatımıza həsr edən bütün tibb işçiləri olacaq. Əlim ürəyimdə hər kəsə təşəkkür edirəm".