Daha çox legioner, daha çox qazanc...
- 06 Fev 2024 10:49
- 1378
Bu yaxınlarda gözüm “CBC Sport”da efirə verilən bir süjetə sataşdı. I Liqa təmsilçisi MOİK-in hazırlığından bəhs edirdilər. Ordan xəbər tutdum ki, “Araz Naxçıvan” Nihad Qurbanlını MOİK-ə icarəyə verib. Mövsümün əvvəlindən bəri ehtiyatda oturan Qurbanlı oyun təcrübəsi qazanmaq üçün ordu klubunun düşərgəsinə yollanıb. Mən Nihadın özünü şəxsən tanımasam da, atasını yaxşı tanıyıram. Nihad çalışqan, halal zəhməti ilə yaşayan Tofiq bəyin oğludur. Özü də futbolu çox sevir, İdman Akademiyasında təhsil alıb. Həm uşaq vaxtı, həm də tələbəlik illərində kəndimizdə keçirilən futbol yarışlarından seçilənlərdən olub. Bilirəm ki, gəncliyi Azərbaycanın çətin dövrlərinə düşdü, ona görə də istedadı itib-batdı, futbolla istədiyi səviyyədə məşğul ola bilmədi. Özünün tapa bilmədiyi şəraiti övladlarına yaratdı, çalışdı ki, arzularını onlar həyata keçirsin. Soyuqda-yağışda övladlarını futbol məşqlərinə apardı, müxtəlif stadionların çıxışında saatlarla Nihadın məşqdən çıxmasını gözlədi.
Nihadın futbola məsuliyyətlə yanaşdığı da göz önündədir. Hər halda Qurbanlı “Neftçi”nin əvəzedici heyətində parlamağı bacarıb, “ağ-qaralar”la birlikdə əvəzedici komandaların çempionatının qalibi olub. Sonra Mahmud Qurbanovla birlikdə “Səbail”ə yollandı, orda elitanın həyəcanını yaşadı. Səhv etmirəmsə, Nihad “dənizçilər”in heyətində Premyer Liqada 16 oyunda meydana çıxıb. U-19 və U-21 millilərində də Nihad bir çox uğurlu oyunlar keçirib, hətta U-23 yığmasının heyətində Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. Bütün bunları boşuna xatırlatmıram. Deməli, Nihad “Araz Naxçıvan”a yollanana qədər zəif futbolçu olmayıb, azdan-çoxdan özünü göstərməyi bacarıb. İndi onun inkişaf edən, səviyyəsini və təcrübəsini artıran vaxtıdır.
Amma ona bu şans verilirmi?
Şahin Diniyevin gəlişindən sonra “Səbail”də yetərincə oynamaq fürsəti qazanmayan Nihada “Araz Naxçıvan”da da oynamaq şansı verilmədi. Səbəb isə sadədir: onun çıxış etdiyi mövqeyə əcnəbilər transfer olunub, legionerlərin yararlı olduğunu, komandaya fayda verdiyini göstərmək üçün gəlmələrə daim şans verilmədir. Soruşsaq, deyəcəklər ki, Nihad legionerlərdən zəifdir, onlara rəqabətdə uduzur. Bəli, belə olması heç də təəccüblü deyil. Çünki Nihadın nə yaşı, nə də oyun təcrübəsi onlarla rəqabət aparıb, qalib gələcək səviyyədə deyil. Eləcə də onun kimi digər azərbaycanlı gənclər. Onlara inanmalı, şans verməliyik ki, oyun təcrübəsi qazansınlar, bərkə-boşa düşsünlər. Hazır futbolçunu bizim klublara kim verəcək? Klublar özləri futbolçu yetişdirməyə borclu deyillərmi? Təəssüf ki, onlar yaxalarını bu işdən kənara çəkirlər. Nihad Qurbanlı da azərbaycanlı futbolçuların necə çətin durumda olduqlarının sadə bir nümunəsidir. Aşağı dəstədə çıxış edən klubların səviyyəsi də, büdcəsi də məlumdur. Oranı son illər bataqlığa, “şübhəli oyunlar”ın meydanına çeviriblər. Aşağı liqaya gedən futbolçunun da “artırıb”, elitaya qayıtması heç də asan olmur. “Araz Naxçıvan”, o cümlədən digərləri hansı müqəddəs məqsəd uğrunda mübarizə aparır ki, azərbaycanlı futbolçuların önünü kəsib, əcnəbilərə qucaq açırlar? Hələ indiki limitlə kifayətlənməyib, legioner sayını çoxaltmaq üçün AFFA-ya ultimatium da verilər. Olmaya, “daha çox əcnəbi, daha çox qazanc” xəstəliyi hamınızın gözünü örtüb, azərbaycanlı futbolçuların gələcəyi vecinizə deyil? Oyanın bəylər, əl çəkin bu sevdadan!