"Neftçi"nin braziliyalı legioneri Dario Federiko "Sabah"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Rekord.az xəbər verir ki, Darionun matçla bağlı bunları deyib: "Əlbəttə, çətin səfər oyunu oldu. Çətin olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Gözəl oyun göstərdik. İstədiyimiz qolları vaxtında vuraraq çox vacib qələbə qazandıq".

"Neftçi"-"Qarabağ" rəqabəti haqda da danışan braziliyalı forvard çempionluq şanslarının hələ də qaldığını vurğulayıb: "Bu qələbə ilə "Qarabağ"la xal fərqini 6-ya endirdik. Həm də göstərdik ki, çempionluq yarışında sonadək mübarizə aparacağıq. Əlbəttə, "Neftçi" çox yaxşı potensiala malik komandadır. Hər mövqedə güclü oyunçularımız, heyətə düşmək uğrunbda ciddi rəqabət var. Bu rəqabət də biz futbolçuların inkişafına kömək edir. Ötən ili xatırlayıram. Keçən il bu vaxt bizim "Qarabağ"la 5 xallıq fərqimiz vardı. Amma qış fasiləsindən sonra "Qarabağ" o fərqi aradan qaldırıb yekunda çempion oldu. Eyni şeyi biz də edə bilərik".

 

"Bəzən meydanda istənilən Darionu görmək olmur, qeyri-sabit oynamağını necə izah edərdin?" sualına isə Federikonun cavabı belə olub: "Bəli, elə oyunlar olur ki, istədiyim kimi alınmır. Amma əsas odur, var gücümü ortaya qoyuram və komandamın qələbəsində rol oynaya bilirəm"

 

Dario Milad tətili haqda yalnız qarşıdakı kubok oyunları bitdikdən sonra düşünəcəyini də deyib: "İlin sonunda hamı bayram, tətil əhvalında olur. Amma biz işimizin peşəkarıyıq. Ona görə kubok ya çempionat matçı fərq etməz, sona qədər komandamıza kömək etməliyik. Yalnız kubok görüşlərindən sonra Milad tətili haqda düşünmək olar".