Qadın voleybolçular arasında Dünya çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi ilə təşkil olunan yarışda daha yeddi matç baş tutub.

Günün gözlənilməz nəticəsi ABŞ-Polşa qarşılaşmasında qeydə alınıb. Amerikalı voleybolçular favorit hesab olunsalar da, meydan sahiblərinin ciddi müqaviməti ilə üzləşiblər. Polşa doğma azarkeşlər önündə rəqibinə şans verməyib və quru hesablı qələbəni bayram edib - 3:0 (25:23, 25:20, 25:18).

Qonşu ölkə Türkiyə millisi isə uğurlu çıxışını davam etdirir. Türkiyə yığması Kanada ilə üz-üzə gəlib. Rəqibindən daha yaxşı oynayan türkiyəli voleybolçular 3:0 (25:22, 26:24, 28:26) hesabı ilə qələbə qazanıblar.

Günün digər görüşlərində qeydə alınan nəticələr belədir: İtaliya-Yaponiya 3:1, Tayland-Almaniya 1:3, Çin-Puerto-Riko 3:0, Serbiya-Dominikan Respublikası 3:0, Belçika-Argentina 3:0.

Qeyd edək ki, sabah mundialda cəmi iki görüş keçiriləcək. Bir çox komandanın istirahət edəcəyi oyun günündə Braziliya-Puerto-Riko və Çin-Niderland qarşılaşmaları baş tutacaq.