DÇ-2022: Altıncı günün nəticələri
- 29 Sen 2022 00:12
- 511
Niderland və Polşanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Dünya çempionatında növbəti günün oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, mundialın altıncı günündə 7 görüş keçirilib.
Günün ən maraqlı qarşılaşması Türkiyə və Dominikan Respublikası arasında baş tutub. Kifayət qədər gərgin keçən bu matçın taleyinə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan türkiyəli voleybolçular meydandan 3:2 (21:25, 25:21, 25:18, 16:25, 15:13) hesablı qələbə ilə ayrılıb.
Günün digər oyunlarında Tayland Xorvatiyanı 3:0, Çin Kolumbiyanı 3:0, Braziliya Kolumbiyanı 3:0, Argentina Çexiyanı 3:1, Niderland Puerto-Rikonu 3:1, Polşa isə Cənubi Koreyanı 3:0 hesabı ilə məğlub ediblər.
Bu oyunlardan sonra hazırda qruplarda vəziyyət belədir:
A qrupunda Niderland və İtaliya 9 xalla ilk iki pillədə, Belçika 6 xalla üçüncü cü, Keniya 3 xalla dördüncü yerdə qərarlaşıblar. Hesabında xal olmayan Puerto-Riko və Kamerun kollektivləri 5-ci və 6-cıdırlar.
B qrupuna 9 xalla Polşa vahid liderlik edir. Dominikan Respublikası 7 xalla ikinci, Türkiyə 6 xalla üçüncü, Tayland 5 xalla dördüncü yeri tuturlar. Beşinci və altıncı pillədə olan Xorvatiya və Cənubi Koreyanın isə xalı yoxdur.
C qrupunda da ilk pillənin sahiəri eyni xala sahibdirlər - ABŞ və Almaniya hərəyə 6 xal toplayıblar. 5 xalı olan Serbiya üçüncü, 1 xala sahib Bolqarıstan dördüncü yerdə qərarlaşıblar. Hələ xal qazana bilməyən Kanada və Qazaxıstan müvafiq olaraq beşinci və altıncıdırlar.
D qrupunda birinci yerdə 9 xalla Çin, ikinci yerdə isə eyni xala sahib Braziliya qərarlaşıb. 6 xal toplayan Yaponiya üçüncü, 3 xalı olan Argentina isə dördüncü pillədədir.
Qeyd edək ki, sentyabrın 29-da Dünya çempionatında daha səkkiz qarşılaşma keçiriləcək. Belə ki, sabah Kanada-Qazaxıstan, Cənubi Koreya-Tayland, Serbiya-Almaniya, Türkiyə-Xorvatiya, İtaliya-Keniya, ABŞ-Bolqarıstan, Polşa-Dominikan Respublikası, Puerto-Riko-Kamerun görüşləri təşkil olunacaq.