DÇ-2022: Serbiya naməğlub yoluna davam edən yeganə komandadır
- 05 Okt 2022 00:23
- 467
Qadın voleybolçular arasında Dünya çempionatında ikinci mərhələ start götürüb. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi etdiyi yarışın bu mərhələsinin ilk günündə 7 oyun baş tutub.
Qonşu ölkə Türkiyə millisinin bu etapdakı ilk rəqibi Almaniya olub. Görüş gözlənildiyi kimi türkiyəli voleybolçuların qələbəsi ilə yekunlaşıb. 3 set davam edən matçda Türkiyə yığması quru hesablı (3:0, 25:21, 25:18, 25:21) qələbə qazanmaqla qrupdan çıxmaq şanslarını daha da artırıb.
Günün digər oyunlarında Yaponiya Belçikanı 3:1, Kanada Taylandı 3:1, Braziliya İtaliyanı 3:2, ABŞ Dominikan Respublikasını 3:1, Niderland Argentinanı 3:1, Serbiya isə Polşanı 3:0 hesabları ilə məğlub ediblər.
Bu günədək mundialda iki maksimum qələbə qazanan komanda vardısa, İtaliyanın uduzması yarışda məğlub olmayan cəmi bir kollektiv qalıb. Belə ki, yalnız son dünya çempionu Serbiya keçirdiyi bütün görüşlərdə qələbə qazanmaqla naməğlub yoluna davam edir.
Qeyd edək ki, növbəti oyun günündə İtaliya-Yaponiya, Tayland-Almaniya, Çin-Puerto-Riko, Türkiyə-Kanada, Serbiya-Dominikan Respublikası, Belçika-Argentina və ABŞ-Polşa qarşılaşmaları baş tutacaq.