De Byazini kim sevəcək?
- 07 Apr 2022 12:12
- 875
Hal-hazırda Vaqif Sadıqovun rəhbərlik etdiyi Məşqçilər Komitəsində gününü keçirməklə məşğul olan mütəxəssislərdən biri Şahin Diniyevdi. Millimiz Avropanın səfalı yerlərinə səfərə gedəndə Vaqif Sadıqov özü İsgəndər Cavadova qoşulub səyahətə yollanır. Aşağı yaş qrupları ilə harasa getmək lazım gələndə isə bu “müqəddəs missiya” Şahin Diniyevlə Ağasəlim Mircavadovun üzərinə qoyulur. Azərbaycan futbolunun, onun dağdan ağır mütəxəssislərin salındığı gün budu.
Hə, həmin Şahin Diniyevin çox yaxşı bir sözü var. Deyir ki, milli komanda ölkə futbolunun piramidasıdı. Aşağılarda nə qədər problem varsa, onların hamısı axırda özünü həmin o piramidada göstərəcək. Başqa cür mümkün deyil.
Çox təəssüf ki, onun dediyi bu sözü eyni binada əyləyən səlahiyyət sahibləri eşitmək istəmirlər. Ona görə də milli komandanın “sükanı” 15 ilə yaxındı ki, əcnəbilərə tapşırılır. Həmin bu əcnəbilər də özləri ilə birlikdə 4-5 tanışını da götürüb, Azərbaycan adlı yağlı tikəyə hücum edib, şirə çəkməyə başlayırlar. Sözsüz ki, nəticələr dəyişmir, uduza-uduza gedirik. Amma bunun həmin o əcnəbilərin çəkdiyi şirənin miqdarına dəxli yoxdu. Onların şirəsi son damlasına qədər ağızlarına çatdırılır. Yeyib-doyandan sonra bizi ələ salıb, məsxərəyə qoyurlar və ölkələrinə gedirlər. AFFA da başlayır başqa əcnəbini yedizdirməyə.
2008-ci ildən üzübəri: Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç və Canni De Byazi. Mən hələ xırda-xuruşları, yəni, aşağı yaş qruplarına təyinat alanları və əcnəbi idman direktorlarını demirəm. 15 ildə Avropa səviyyəsinə birbalaca yaxınlaşan kimi yetişdirmişik? Təkcə Mahir Emrelinin adını çəkə bilərik. Onun da yetişməsi daha çox Hafiz Məmmədovla Qurban Qurbanovun zəhməti sayəsindədi. Birincisi cibinin pulunu xərcləyib, Biləcəridə akademiya qurdu. İkincisi də “Bakı” dağılandan sonra Mahirə sahib çıxdı, onu komandasına gətirdi, səviyyəli legionerlərlə birlikdə oynayan futbolçu püxtələşdi. Özü də Qurbanov Emreliyə limitsiz etimad paketi də təqdim etmişdi. O da bu etimadı müəyyən qədər doğrultdu.
Vəssalam. Adam içinə çıxacaq başqa futbolçumuz yoxdu. Yerdə qalanları elə-belə, Azərbaycanda gününü keçirməyi hünər bilənlərdi. Ramil Şeydayevlə Emin Mahmudov Rusiyadan gəlib. Sözsüz ki, onlar da orda elita klublarında möhkəmlənəcəklərindən əmin olsaydılar, üzlərini bizdən yan çevirərdilər. Möhtac olduğumuz Eddi İsrafilovla Dmitri Nazarov da Almaniya və İspaniyanın ikinci liqası səviyyəsindədilər. Hücumçunu, qol vuranı bir kənara qoyuram, heç düz-əməlli qapıçımız da yoxdu. Dağıstanlı Şahruddin Məhəmmədəliyev zədələndən sonra “qapıda kim dayanacaq” sualı üzərində baş sındırmağa başladıq. İndi özünüz deyin, bu qədər problemi olan ölkənin millisinə yüksəködənişli əcnəbi lazımdımı?
Nazirlər Kabineti 65 yaşını keçənləri evdə qalmağa çağırır ki, çöldə virusa yoluxmasınlar. Bu çağırışın altında həm də gənc kadrlara yol açmaq niyyəti var. Bütün dünyada indi bu proeses gedir. AFFA isə 66 yaşlı italyanı bizim başımıza çıxarıb. Canni De Byazi özündən o qədər razı, o qədər rahatdı ki, Azərbaycan millisinin futbolçularını xaraktersiz və qorxaq adlandırıb. Özü də İtaliya mətbuatında. Gec olmadan AFFA bu adamla müqaviləni pozmalıdı. Nəticələri bir kənara qoyuram. Qorxaq adlandırdığı futbolçularla bundan sonra necə çalışacaq? Ona kim hörmət qoyub, sözünə qulaq asacaq? Əmin olun, heç kim!