Hazırda De Byazinin əlində son illərin ən yaxşı heyəti toplaşıb. Hücum xəttində İsveçin "Yurqorden", Tailandın "Buriram Yunayted", Xorvatiyanın "Dinamo" və İsveçrənin "Qrasshoppers" (Türkiyənin "Hatayspor") klublarının faktiki əsas heyət oyunçuları yer alır. Digər xətlərdə Avropa Liqasının qrupunda oynayan "Qarabağ", Konfrans Liqasında yaxşı başlayan "Sabah", bu il əvvəlkilərdən daha iddialı olan və buna uyğun heyət yığan "Neftçi"dən xeyli futbolçu var, lider "Zirə"dən gələnlər, həmçinin Ozan Can Kökçü və Anton Krivotsyuk kimi yaxşı oyunçuları və digərlərini bura aid etmək olar. Bir sözlə, ən azından normal futbol oynamağa imkan verən heyət olacaq Belçikaya qarşı. Qalır bu işin öhdəsindən gəlmək.

 

Biz bir dəfə - 2011-ci ildə belçikalıları Bakıdan qələbəsiz yola salmışıq (1:1). Onda millimizdə bu qədər (ümumiyyətlə) legioner yox idi, komandalarımız avrokubokların daimi iştirakçısına çevrilməmişdi. Qonaqların heyəti də ulduzlar toplusu idi. O vaxt biz bunu bacarmışdıqsa, niyə də indi təkrarlamayaq?

 

İtalyan mütəxəssisin Höccət Haqverdi sevgisinin davam etdiyini də vurğumamaq olmaz. Artıq Mars planetində də, paralel dünyalarda da bilirlər ki, De Byazi bu adamı zakazla çağırır, "yox" deyə bilmir, demək istəmir. Premyer-Liqanın ilk 5 turundakı oyunlarıyla ən azından 23-lükdə olmağı haqq edən Şəhriyar Əliyev, Murad Musayev, Rövlan Muradov və digərlərinin əvəzinə start heyətə həsrət qalan iranlını çağırılması niyyəti ortaya qoyur.

 

Ölkə futbolunda müsbət işlər görülür, gec də olsa doğru istiqamət götürülüb. Bircə milli komanda köməksiz, zərbə görmüş vəziyyətdədi. Dəllallar və onların havadarlarının ayağı ən qısa zamanda kəsilməsə, müsbət gələcəyə ümid qalmayacaq.

 

Kənan Məstəliyev