Gözlənildiyi kimi, "Qarabağ" səfərdə qələbə qazanaraq turu keçmək üçün əla üstünlük əldə etdi. Bakıdakı cavab matçında bir fors-major baş verməsə, ağdamlılar ardıcıl 11-ci mövsümdə də avrokubokların qrup (bu ildən liqa) mərhələsini təmin edəcəklər. Hələ ki, Konfrans Liqasının. Sonrasına Allah kərimdi. 

 

Ötənilki heyətin qorunmasının necə böyük bir iş olduğunu gördük. Mövsümün ilk rəsmi matçı idi, meydanda anlaşma problemi vardı, komanda hələ tam özünə gəlməyib, formanı lazımi səviyyəyə gətirməyib. Məhz bu məqamda oyunçuların uzun müddət bir yerdə oynamaları, bir-birilərinə öyrəşmələri, "gözüyumulu" hiss etmələri qeyd etdiyim məqamların mənfi təsirini azaldırdı. Bir-iki transferlə bu heyəti daha da təkmilləşdirmək olar, amma "Linkoln"u keçmək üçün bu da yetərlidi. 

 

Buntiçə çox iş düşməsə də etibarlı göründü, Juninyo yenə səviyyəsini ortaya qoydu, Toralın qolu isə xüsusi gözəllik verdi. Veşoviçi bəyənmədim, çox qaçsa da, faydalı iş əmsalı böyük deyildi. Müdafiədə də səhvlər vardı, bunu da ilk oyun olmasına yazaq. 

 

Ümumilikdə isə "Qarabağ" yaxşı bir qələbə qazandı, böyük bir macəranın başlanğıc addımını atdı. Ardı gəlsin!