Derbi-derbi deməklə...
- 11 Sen 2022 09:42
- 1766
“Turan Tovuz” – “Kəpəz” qarşılaşması ətrafında yaradılan süni ajiotaj, bu qarşılaşmanın şar kimi üfürülərək şişirdilməsi məni xeyli təəccübləndirdi. Bəli, ölkənin qərb bölgəsi Azərbaycan futbolunda əhəmiyyətli yer tutur. Həm Gəncədən, həm də Tovuzdan indiyə qədər neçə-neçə yaxşı futbolçu çıxıb. Bütün bunlar inkar edilməsi mümkün olmayan həqiqətdi.
Amma AFFA-nın əməkdaşları bu dəfəki qarşılaşmadan öncə özlərini elə aparırdılar ki, təəccüblənməyə bilmədik. Sanki illərdi bu cənablar böyük futbolun bölgələrdə inkişafına çalışıb, Tovuz və Gəncə klublarının Premyer Liqada oynaması üçün əllərini daşın altına qoyurmuşlar. Di gəl ki, onların zəhmətini biz puç etmişik, “Kəpəz”lə “Turan Tovuz”un elitaya çıxışını əngəlləmişik. İllər öncə Azərbaycan kubokunun finalı Qəbələdə keçirilirdi. Həlledici qarşılaşmada “Neftçi” ilə “Qarabağ” qarşılaşacaqdı. AFFA rəhbərliyindən heç kim özünə əziyyət verib, Bakıdan Qəbələyə getməmişdi. AFFA prezidenti Rövnəq Abdullayevin futbola münasibəti bəllidi. Həmin vaxtlar onun başı daha vacib məsələlərlə qarışıq idi. Qurumun baş katibi Elxan Məmmədovun qılıncının dalı da kəsirdi, qabağı da. Adam Azərbaycan futbolunda tək söz sahibi idi. Cənab Məmmədov da kubokun finalını vecinə alıb, Qəbələyə getmək üçün özünə əziyyət verməmişdi. Həmin vaxt AFFA-nın sözçüsü olan Mikayıl Nərimanoğlu bu saymazyanalığı belə əsaslandırmışdı ki, cənab Məmmədovun işləri çoxdu, UEFA ilə vacib məsləhətləşmələr aparır. Yəni ki, baş katibin Azərbaycan kubokun final oyununa ayıracaq vaxtı yoxdu. Bu adamlar Azərbaycan futbolunu, bölgə klublarını elə bu cür saymaz davranışları, etinasızlıqları ilə məhv etmədilərmi? AFFA rəhbərliyini Lənkərana, “böyük oyun”a baxmağa dəvət edən “Neftçi”nin o vaxtı vitse-prezidenti ağır pul cəriməsinə və stadionlara giriş qadağasına məruz qoyulmamışdımı?
İndi quyruqları qapı arasında qalıb, özlərini bölgə futbolunun saxta aşiqləri cildini salıblar. Düzdü, Elxan Məmmədov Parisə mədəni mühacirətə gedib. Amma onun kadrları yenə də iş başında, AFFA-da söz sahibləridi. Elə həmin adamlar da cənab Məmmədovun cızdığı ssenaridəki rollarını məharətlə oynamağa çalışırlar. Pis alınmır. İndi təbliğara ehtiyac var, bölgə klublarına qayğı imitasiyası edilməlidi. Ona görə də AFFA-nın yaratdığı FİF iki aya yaxındı ki, “Turan Tovuz” üçün avtobus pulu yığmağa çalışır. Bu günlərdə oxşar kampaniyanı “Kəpəz” üçün də başlayıblar. Amma bu FİF yarananda söhbət imkanlı sponsorların tapılmasından, milyonların toplanmasından gedirdi. “Kəpəz”lə “Turan Tovuz” elitada 6 oyun keçirib, amma hər ikisinin formasının önü boşdu. Heç birinin titul sponsoru yoxdu. Azarkeşlərdən manat-manat pul toplamağa çalışanlar bir normal şirkətlə danışıq aparıb, həmin şirkəti böyük tarixi və azarkeş kütləsi olan “Kəpəz”lə “Turan Tovuz”un formasına adını yazdırmağa, bunun qarşılığında da 100 min manat avtobus pulu verməyə razı sala bilməzdimi? İstəsəydilər, edərdilər. “Sumqayıt”ın formasında boş yer qalmayıb, “Neftçi” hər ayın sonunda yeni bir sponsorla anlaşma imzalayır. Məlum məsələdi ki, bu proseslər hardansa idarə olunur. Eyni formada da “Kəpəz”lə “Turan Tovuz”a ortabab bir sponsor göndərmək olardı.
Səmimi olmaq lazımdı, gözə kül üfürmək yox. Halva-halva deməklə ağız şirin olmadığımı kimi, derbi-derbi deməklə də derbi düzəltmək olmur, cənablar!