3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanan "Neftçi" komandasının basketbolçusu Dina Ulyanova Rekord.az-a müsahibə verib:

 

- Dina, turnirlə bağlı təəssüratlarını və komandanızın çıxışı haqda fikirlərini bizimlə bölüşərdin...

- Əlbəttə ki, evdə, öz azarkeşlərimizin qarşısında oynamağımız bizim məsuliyyətimizi artırır. Gözəl təşkilatçılığa və dəstəyə görə də hər kəsə öz təşəkkürümüzü bildiririk. Bu, oyunlarda bizə çox kömək olur.

- Qarşınıza qoyduğunuz hədəf nədir?

- Təbii ki, maksimum nəticə qazanmaq. Hədəfimiz turniri qalib kimi başa vurmaqdı. 

- Bu arada, ölkəmizdə 3x3 basketbolun perspektivini necə görürsən?

- Gördüyünüz kimi, bu turnirdə iki komanda ilə təmsil olunuruq. Bu onu göstərir ki, potensial var və hər şey irəlidədir.

- Bu arada, "Neftçi"dən fərqli olaraq, milli komanda çox zəif çıxış etdi. Bu nə ilə bağlı ola bilər?

- İki komanda ilə oynamağa qərar verdik. Məğlubiyyət o demək deyil ki, milli komanda zəifdir.

- Səhv etmirəmsə, sən özün də millinin üzvüsən...

- Bəli, həm də millininü üzvüyəm, sadəcə, turnirə "Neftçi" ilə qatıldım.

- Niyə məhz 3x3 basketbol?

- Mən klassik basketbol da oynamışam. Sadəcə, basketbolun bu növü enerjili, cəld, baxımlı olduğu üçün məni cəlb etdi.

 

Anar XANLAROV, Astara