Tiflis “Dinamo”sunun son 3 matçının (“Samqurali” 1:2, “Torpedo” (Kutaisi) 1:0 və “Dinamo” (Batumi) 1:2) tam videoyazısına, üstəlik, əvvəlki oyunların bir neçəsinin epizodlarına baxdım. 270+ dəqiqədən bir sıra qeydlərim var və onları sizinlə bölüşmək istəyirəm. “Neftçi”nin hazırkı durumu, transfer siyasət(sizliy)ini bir kənara qoyub rəqibi analiz etməyə çalışsaq, deyə bilərik ki, şans var, özü də çox yaxşısından. Amma diqqətli və səbrli olmaq lazım gələcək. Həm Samir Abasov və yetirmələrinə, həm də biz izləyənlərə.


Necə oynayırlar?
“Dinamo”nun sxemi 5-3-2-di. Aydındı ki, hücuma keçərkən bu 3-5-2-yə, bəzən 3-6-1-ə çevrilir. Beş (üç) müdafiəçili sistem nə tələb edirsə, 90 dəqiqənin tamamını eyni cür oynayırlar. Cinah müdafiəçiləri mütəmadi olaraq hücuma qoşulur, irəlidəki hücumçuları asmalar hesabına “tapırlar”. Top saxlamaq, paslaşaraq hücuma çıxmaq, orta xətdən ara ötürmələriylə qola getmək “Dinamo”nun oyun üslüb və tərzi deyil. Əsas məqsəd hədəfə sürət, güc və mübarizə hesabına çatmaqdı. Və hesabın necə olmasından asılı olmayaraq “tapşırıq”, onun icra sürəti və gücü dəyişmir. Əminliklə demək olar ki, “Dinamo” sırf məşqçi komandasıdı. Kaxaber Tsxadadze güvəndiyi sistemə heç bir rəqibə görə xəyanət etmir. “Bunu oynamaq lazımdı, qurtardı getdi”.


Üstün tərəfləri
Gürcülər fiziki cəhətdən çox yaxşı hazırlıqlıdılar. Nəzərə alsaq ki, bizdən fərqli olaraq onlarda ölkə çempionatı tam sürətlə davam edir, hazırda çox yaxşı formada olmaları təəccüblü olmamalıdı. 90 dəqiqə tempi aşağı salmırlar, əksər futbolçularının start sürətinin yaxşı olmasından yararlanaraq yaxşı keçidlər edir, rəqibin cərimə meydançasında boş mövqeləri daha tez “aşkara” çıxara bilirlər. “Dinamo”nu yormaq, pressinq hesabına üzərində qələbə qazanmaq ideyası çox yanlış və riskli addım olar. “Neftçi”nin müdafiə xətti və cinahlarına çox yük düşəcək.

 
Zəif tərəfləri
Bu qədər tərif öz yerində, ancaq Tiflis təmsilçisinin zəif nöqtələri də N qədərdi. Yuxarıda da qeyd etmişdik ki, cinah müdafiəçiləri hücuma çox qoşulur, komandalarının irəli xətdəki gücünü artırırlar. Ancaq geri qayıtmaqla heç araları yoxdu. Əks hücum zamanı müdafiədə hətta bir nəfərlə belə yaxalanır, ciddi səhvlərlə yadda qalırlar. Bu hücuma aludəçilik “Dinamo”ya hər dəfə baha başa gəlir. Müdafiənin mərkəzində də o qədər etibarlı futbolçuları yoxdu deyə, əminliklə söyləyə bilərik ki, rəqibin ən zəif nöqtəsi müdafiə, xüsusilə də onun cinahlarıdı. Bununla yanaşı, hücumçuları əllərinə düşən çox sayda imkanı boşa vermək, real epizodları qaçırmaq “xüsusiyyətlər”inə də malikdilər.


Necə oynamaq lazımdı?
Sakit və təmkinlə. İrəli qaçıb, ilk dəqiqələrdən hücum edərək rəqibi sıxmaqla heç nəyə nail olmaq mümkün olmayacaq. “Dinamo” o qədər də güclü komanda deyil. Bəli, müəyyən oyun üslubları var, sürət və güc hesabına nəsə edirlər, amma “Neftçi” ilə aralarında səviyyə fərqi var. Biz daha güclüyük. Amma bu gücü də startdaca sərf etmək olmaz. Həm Tiflisdə, həm də Bakıdakı oyunda matçların tamamında səbrli olan və ciddi oyun intizamını qoruya bilən komanda qalib gələcək. “Dinamo”da nəsə ekstraordinar futbol oynayan oyunçular yoxdu. Nə Emin Mahmudova, Nə Sezar Meza Kolliyə, nə də Namiq Ələskərov kimi futbolçulara malik deyillər. Sadə, əllərindəki imkanlara uyğun oyun oynayır, rəqibin səhvini gözləyir, ondan yararlanmağa çalışırlar. Səbrlə müdafiə olunmaq, riskə getməmək, müdafiədən imkan olduqca sürətli, uzun və dəqiq ötürmələrlə çıxmaq lazımdı. “Dinamo” Ələskərovun benefisinə çevrilmək üçün ideal rəqibdi. Onun sürət və texnikası həlledici amilə çevrilə bilər. Arxa xətdən Mahmudov, bir qədər öndə isə Meza Kollinin pasları matçın taleyini həll edə biləcək.

 
Nəticə
“Neftçi” bu cütün favoritidi və bu rəqibi keçməyə sadəcə borcludu. Bəli, rəqib Gürcüstan çempionudu, baş məşqçiləri ölkəmizi yaxşı tanıyır, daha formadadılar, daha çox oyun təcrübəsinə malik olduqlarından daha hazırlıqlıdılar. Ancaq bunlar bəhanə ola bilməz. Vaxtında qapı, müdafiə və hücum xəttinə yaxşı futbolçular transfer edilsəydi, heç bir şübhəyə yer qalmazdı. Ancaq ÇL-ə cəmi 1 əsas qapıçı, 4 nominal müdafiəçi və bir hücumçu ilə qatılan komanda son nəticədə günahı özündə görməli olacaq. Ümid edək ki, hər şey yaxşı qurtaracaq və Bakıdakı matçdan sonra yalnız qələbəni müzakirə edəcəyik. Uğurlar, “Neftçi”!

 

Kənan Məstəliyev, "Rekord.az"