Donald Gerye: "Addım-addım dünya bu epidemiyanın öhdəsindən gələcək" MÜSAHİBƏ
- 28 Mar 2020 17:21
- 748
Rekord.az xəbər verir ki, “Neftçi”nin haitili müdafiəçisi Donald Gerye futbolsuz günlərindən, məşğuliyyətindən danışıb.
- Koronavirus səncə, nə qədər təhlükəlidir?
- Düşünürəm ki, çox ciddi məsələdir. İnsanlar bu barədə düşünməlidir. Çünki bu, həyatların itməsinə səbəb olan bir xəstəlikdir. Virus ağciyərlərə hücum edir və nəfəs almağı çətinləşdirir. Sətəlcəm və ya astma şəklində insanları öldürür. İnfrakt kimi bir çox problemlərin qarışığı olaraq özünü göstərir. Hər kəs özünü qorumalıdır..
- Necə düşünürsən, nə zamana qədər davam edə bilər?
- Nə vaxt dayanacağını bilmirəm. Amma bu virusun qarşısını almaq üçün mütləq vaksin tapılmalıdır və insanlar gigiyena qaydalarına əməl etməlidir. Hər zaman təmizlik öndə olmalıdır. Addım-addım dünya bu epidemiyanın öhdəsindən gələcək. Virusu birlikdə məhv edəcəyik. Lakin zamana ehtiyac var.
- Bütün günü evdə qalırsan?
- Bəli, bütün günü evdəyəm və həkimlərin tövsiyələrinə əməl edirəm. Əhəmiyyətli olan lazımı səviyyədə davranmaqdır. Əlbəttə ki, bir çox gənc insanlar və ailələr kimi mənim üçün də çətindir. Bəzən şəhərə getməyi, dostlarla kofe içməyi adam çox istəyir. Əvvəl tez-tez bunu etdiyimiz halda indi edə bilmirik. Çünki xəstə olmaqdan qorxuruq. İctimai yerlərdə virus gizli şəkildə gəzir, mən isə 7/24 evdə olmağı üstün tuturam. Çünki xəstəliyin mənə yoluxmadığına əmin olmaq fikrindəyəm. Hər kəsə də məsləhət görürəm ki, evdə otursun. Siz bilmədən xəstəliyi evə gətirib ölümə səbəb ola bilərsiniz. Bundan sonra insan özünü bağışlaya bilməz. Evdə qalmaq lazımdır.
- Ev işlərində həyat yoldaşına yardım edirsən?
- Qızımla dizayn hazırlayıram, Haitinin milli oyunları ilə əylənirəm. Qızımla gözəl vaxt keçiririk. Hər kəslə vaxt keçirirəm, evdə kömək də edirəm.
- Haitidə vəziyyət necədir?
- Hər gün bir neçə dəfə onlarla danışıram. İndi orada vəziyyət mürəkkəbləşməyə başlayır. Bu virus Haitidə ilk dəfə 67 yaşlı bir turistdə aşkarlanıb. O, şəhərdə gəzərkən yerə yıxılıb və insanlar onu xəstəxanaya aparıb. Virus testi pozitiv çıxdı. Artıq 8 nəfər koronavirus xəstəsi var. Haitidə vəziyyət bir az qarşıqdır. Əgər orada say çoxalsa, bunun üçün kifayət qədər xəstəxana, insanlara qulluq etmək üçün kifayət qədər pul yoxdur. Deməli, virus ora yayılsa, insanları məhv edəcək. Ümid edirəm ki, prezident ölkənin yaxşı qalması üçün Kubadan kömək alacaq. Çünki orada səhiyyə yaxşıdır (futbolinfo.az).