Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası tərəfindən Bakıda keçirilən cüdo məşqçiliyi sertifikat proqramı davam edir.

Rekord.az xəbər verir ki, akademiyanın aparıcı mütəxəssislərindən biri də BCF-in Hakimlər Komitəsinin rəhbəri Daniel Laskaudur.

O, həmkarları ilə birlikdə yerli məşqçilərdən imtahan götürəcək və imtahanı uğurla keçənlərə sertifikatlar təqdim edəcək. Daniel Laskau Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində cüdonun tərbiyəvi rolu, kütləviliyi, çempionların yetişdirilməsi, Azərbaycan millisinin nəticələri və bir çox başqa mövzulardan danışıb:

- Siz son vaxtlar tez-tez Bakıya gəlirsiniz. Keçən il BCF Akademiyasında azərbaycanlı hakimlərə təlim keçdiniz, Bakıdakı “Böyük Dəbilqə” turnirini izlədiniz, indi isə məşqçilərdən yekun imtahan götürməyə gəlmisiniz. Bu dəfə Azərbaycana hansı hisslərlə gəldiniz?
- İlk dəfə Azərbaycana 2003-cü ildə yeniyetmələr arasında Avropa çempionatına gəlmişəm. Yəni iyirmi il əvvəl. Və ildən-ilə müxtəlif səbəblərdən bura qayıdırdım, lakin bunların hamısı təbii ki, peşəkar fəaliyyətlə - turnirlərlə, seminarlarla bağlı idi. Keçən il Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçi və hakimlərin inkişafı və maarifləndirilməsi ilə bağlı böyük proqrama start verdi və bu proqram çərçivəsində çoxsaylı görüşlər, təlimlər keçirdik. Xüsusilə qeyd etmək istəyirəm ki, ACF bütün səviyyələrdə cüdonun inkişafına diqqət yetirir, bura həmçinin uşaqlar, yeniyetmələr və komandanın hər bir idmançısına fərdi yanaşma aiddir. Keçən il iki dəfə Bakıda oldum, məşqçilər və hakimlərlə görüşdüm, onlarla təkcə müasir cüdonun reallıqları haqqında deyil, həm də kiçik yaşlardan böyük idmançıların yetişdirilməsi proqramı haqqında danışdıq. Çünki cüdo uşaqlardan başlayır, onlar məktəbdə təhsil almağa başladığı andan.

- Bu barədə biraz daha ətraflı danışa bilərsiniz?
- Hər bir uşaq qaçmaq, üzmək, güləşmək istəyir və cüdo ilə yeni məşğul olmağa başlayanda biz onlara belə bir fürsət veririk - onlar tataminin ətrafında qaçıb özlərini ifadə edə bilirlər. Bu, onların idmanda gələcək inkişafı üçün bir növ bazadır. Cüdoda yüzdən çox texnika var və məşqçilər onların hər birini tədricən öz tələbələrinə çatdırmalıdırlar ki, onların tələbələri gələcəkdə uğur qazansınlar.

Soruşa bilərsiniz ki, bunun hazırkı məşqçilik təlimləri proqramına və imtahanına nə aidiyyəti var? Biz nəzərə almalıyıq ki, cüdo idman növü ilə məşğul olanların 80 faizi uşaqlardır. Bu, bir növ piramidadır, onun başında Olimpiya çempionları və Dünya çempionları var. Onlar, əslində, cüdoya qoşulanların ümumi sayından azdır, lakin yeni başlayan idmançılar məhz onlardan nümunə götürürlər.

Dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan isə bu məsələdə ön sıralardadır. Hər mərtəbəsində tatami gördüyümüz üç mərtəbəli binada sizinlə söhbət edirik. Bu, əsl cüdo fabrikidir.

Cüdo piramidasına qayıtsaq, onun ən aşağı səviyyəsində uşaqlar cüdo oynayırlar, ikinci səviyyədə isə məşq başlayır. Bir qayda olaraq, bu dövrdə tələbələr bəzən valideynləri ilə müqayisədə məşqçiləri ilə daha çox vaxt keçirirlər. Axı mütəxəssislərin həm öyrədici, həm də özlərinin tərbiyəvi funksiyaları var. Piramidanın üçüncü səviyyəsində isə potensialınızı ən yüksək səviyyədə üzə çıxarmaq və titullar uğrunda mübarizə aparmaq başlayır.

- BCF Akademiyasından söz düşmüşkən, sizcə, hansı ölkələrə BCF Akademiyası xüsusi təsir göstərib?
- Canlı misal kimi Azərbaycanla həmsərhəd olan dövlətləri - Türkiyə və Gürcüstanı göstərəcəyəm. Türkiyə BCF Akademiyanın kursunu öz ana dilinə tərcümə edən ilk ölkə olub. Son iki il ərzində proqram çərçivəsində orada yüzdən çox məşqçi hazırlanıb, onlardan bəziləri idman karyerasını yenicə başa vurub.

Gürcüstan məşqçiləri BCF Akademiyasının proqramını keçib və məzunların bir qismi dağlardaki kiçik kəndlərdə və bölgələrdə uşaqları öyrədirlər. Bu günə qədər Gürcüstanda cüdo üzrə Dünya Turu yarışlarında, o cümlədən dünya çempionatlarında parlamağı bacaran bütöv bir idmançı qalaktikası yetişib.

- Azərbaycan cüdo məktəbinin fərqli cəhətlərini nədə görürsünüz?
- Qafqaz cüdoçularına xas olan əsas keyfiyyətlərdən biri güləş ruhudur. Bu keyfiyyət qandadır, milli dəyərlərlə, mədəniyyətlə ötürülür. Azərbaycan idmançıları döyüşlərin nəticəsini son saniyələrdə necə həll etməsini, müxtəlif möhtəşəm hərəkətlərlə rəqiblərini darmadağın etdiyini və medallar qazanmasını izləmək inanılmazdır. Bunu öyrətmək olmaz, bu genetik səviyyədədir.

- Söhbətimizdə cüdonun inkişafına misal olaraq, üstündə Olimpiya və dünya çempionlarının dayandığı piramidanı misal çəkdiniz. Sizcə, idmançılarımız növbəti illərdə yenidən bu zirvələri fəth edə biləcəklərmi?
- Bunun üçün sizdə hər şey var: maliyyə, çempionların yetişdirilməsi üçün infrastruktur və əlbəttə ki, idman kadrları. Bundan əlavə, komandanın nəticələri sabitdir, demək olar ki, idmançılar bütün yarışlarda bərabər və inamlı çıxış edir. Hər dövrdə milli komandanın heyətindən bir neçə istedadlı idmançı meydana çıxır. Əvvəlki nəslin ənənələrini davam etdirir. Ona görə də yeni böyük qələbələrin çox da uzaqda olmadığı şübhəsizdir.

- Siz həm də BCF Hakimlər Komitəsinə rəhbərlik edirsiniz. Bu işin ən çətin tərəfi nədir?
- Vaxt çatışmazlığı, kifayət qədər vaxt olmaması. Çünki qısa müddətdə mübarizənin gedişatına təsir edə biləcək qərarlar qəbul etmək lazımdır. Qarşınızda tatamidə son hökmü gözləyən Olimpiada və Dünya Çempionatının qalibləri, mükafatçıları var və sizin vaxt məhdudiyyətiniz var. Bəzən müxtəlif rakurslardan kameraların köməyinə müraciət etməli olursunuz və bu 20 saniyə və ya daha çox vaxt aparır. Lakin hamısı düzgün qərar vermək üçündür.

- “Paris 2024”dən sonra cüdonun qaydalarında dəyişikliklər gözləyə bilərikmi?
- Bir qayda olaraq, hər dövrdə idmançıların tədricən öyrəşdiyi dəyişiklikləri yoxlamaq üçün bizə bir il vaxt lazım olur. İndi bizim belə imkanımız yoxdur və Parisə qədər hər şey olduğu kimi qalacaq. Ancaq Oyunlardan sonra cüdo idman növünün gələcək inkişafı üçün müəyyən fikirlər var. Məsələn, rəqiblərin fədakarlıqla vuruşduğu və xəbərdarlıq almadığı möhtəşəm döyüşlər görməyi hamı istəyir. Cüdonu daha cəlbedici edəcək dəyişikliklər barədə düşünmək yaxşı olar.