Bu gün “Qarabağ” növbəti matçına çıxır və rəqib hazırda optimal formasına görə dünyanın 10-15 ən güclü klubu sırasında olan Leverkuzen “Bayer”idi. Səfərdə bu komanda ilə məhz indi qarşılaşmağı heç “Bavariya” istəməz. Xabi Alonso elə komanda qurub, elə vəziyyətə gətirib ki, əlavə şərhə ethiyac qalmır. Bir sözlə, Ağdam təmsilçisinin işi çətindi.

Desəm ki, oturub “aspirinlər”in bütün matçlarını izləmişəm, oyunları üzrə mütəxəssisəm, yalan olar. Amma müəyyən fikirlərim var. “Qarabağ” Leverkuzendən xalla dönmək üçün nə etməlidi” sualına kiçik də olsa cavabım var.

Əvvəla, “Bayer” tam gücü və konsentrasiya ilə oynasa, məğlubiyyətimiz qaçılmazdı. Hətta 60 dəqiqə tam potensiallarını ortaya qoysalar, yetərlidi, uduzacağıq. Oyunöncəsi mətbuat konfransında Alonso verdiyi mesajlarda rəqibi ciddiyə alacaqlarını göstərib, nəticə qazanmaq istədiklərini deyib. Yəni, aman vermək fikirləri yoxdu. Bunun yeganə müsbət cəhəti odu ki, “Qarabağ” bu qədər güclü rəqiblə döyüşməyin təcrübəsini yaşayacaq, tam potensialını sınamaq imkanı əldə edəcək. Qəbul edək ki, heç kim Qurban Qurbanovdan “Bayer”i xüsusilə də “Bayer”in meydanında hətta böyükhesablı məğlubiyyətə görə qınaya bilməz. Hoca da dünən deyib ki, biz belə rəqiblərlə qarşılaşmalarda təcrübə qazanacaq, böyüyəcəyik. Doğru, həqiqəti göstərən açıqlamadı.

Yaxşı, bəs indidən təslim olaqmı? Yox, təbii ki. “Bayer” olmur, lap kainat yığması olsun, onunla meydana çıxanda meydana çıxmamış məğlub olmaq olmaz. Onlar da adamdı, biz də. Oynamaq lazımdı.

Necə?

Hə, burda iki variant var. Birincisi, ən primitivi qapanmaq, kompakt müdafiə olunaraq rəqibin intensiv futbolunu müdafiə ilə zərərsizləşdirərək, bəxti əks-hücumlarda sınamaqdı. Bu variant uğursuz fikir deyil, amma şans minimumdu.

İkincisi isə hücum eləmək. Bəli, düz oxuduz. Nə qədər qəribə səslənsə də, güclü klublar arasında “Qarabağ”ın problem yaşada biləcəyi ən uyğun rəqib məhz “Bayer”di. Bu komanda rəqibin intensiv pressinqi və müdafiəsinin mərkəzə yaxın yerləşməsi, ön xətti maksimum sığortalaması halında problemlər yaşayır, “əl-qol açmaqda” çətinlik çəkir. Məsələn, Bonifas kimi istənilən yarım epizodda belə fərqlənməyi bacaran hücumçuya şans verilməsi oyunun taleyini həll edə bilər. Pressinq lazımdı. Amma “Qarabağ” bunu oyunboyu edə bilərmi? Fiziki olaraq mümkün deyil. Güc bölünməli, 90 dəqiqənin gedişatına uyğun xərclənməlidi. Ən uyğun variant startdan rəqibi 20-25 dəqiqə “sıxmaq”, bəxtimiz gətirsə, bir top vurub sonra müdafiə olunmaq olar. Başqa yol görmürəm. Çünki hətta 45 dəqiqə belə güc sərfi ikinci hissəyə güc saxlamayacaq və daha yaxşı oyunçu materialı və ehtiyatına malik olan “Bayer” axır-əvvəl öz istəyinə çatacaq.

Son illərdə rəqibdən asılı olmayaraq hücum futbolu oynayan “Qarabağ”ın yenə də ənənəsində sadiq qalacağını, qapıya oturmayacağını düşünürəm. Çünki bu, çıxış yolu deyil. Rəqibin heyətində belə oyunların böyük təcrübəsinə malik yetərincə futbolçu var. Aman verilsə, mütləq məsələni öz xeyirlərinə həll edəcəklər. Döyüşmək lazımdı. Meydanın hər nöqtəsi üçün mübarizə aparmaq, qorxmamaq. Başqa yolu yoxdu.

 

Kənan Məstəliyev