Dunayın sahilində 3 gün
- 07 Avq 2024 17:00
- 404
Bu, mənim Macarıstana ilk səfərim idi. Adı çəkilən ölkədə olmağı çoxdan arzulayırdım. Macarıstana xüsusi sevgim, simpatiyam yox idi. Sadəcə, Dunay çayının sahilində olmaq, onun Budapeşti iki hissəyə ayırdığını canlı görmək istəyim var idi. "Bəxt üzüyü"ndəki Hüseynin sözü olmasın, mən də ilk dəfə Dunay çayını 6-cı sinifdə, xəritədə, Coğrafiya kitabında görmüşdüm. Çox maraqlı, qəribə gəlmişdi mənə. Sonradan televiziyadan, internetdən də dəfələrlə Avropanın 10 ölkəsindən keçən bu əsrarəngiz çayın görüntülərinə baxarkən düşünürdüm ki, qismət olsa, bu gözəlliyi canlı görmək möhtəşəm olardı. Nəhayət, 2024-cü ilin iyulun sonunda qismət oldu.
"Sumqayıt"ın "Fehervar"la Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa dəvət alanda ilk anda təəccübləndim. Çünki "Sumqayıt" avrokuboklara vəsiqə qazanan klublarımız arasında ən kasad büdcəyə malik idi. Bu cür klublar adətən futbolçuların, texniki heyətin səfərini təşkil etməklə kifayətlənir. Üstəlik, "Qarabağ", "Sabah", "Zirə" kimi imkanlı klubların belə özüylə səfərə jurnalist aparmadığı halda, "Sumqayıt"ın "Şengen zonası"na səfər öncəsi belə addım atacağı yaxşı mənada təəccübləndirməyə bilməzdi. Hər halda, "Sumqayıt" bu addımı atdı və buna görə, klub rəhbərliyinə təşəkkür etməyi də özümə borc bilirəm. Ümid edirəm ki, imkan daxilində, digər klublarımız da bu jestin davamını gətirəcək. Çünki 5-6 jurnalistin hansısa ölkəyə səfərini təşkil etmək imkanlı klublarımız üçün böyük maliyyə tələb etmir. Amma həmin jurnalistin qürbət ölkədə klubun yanında olması, klub və futbolçular üçün böyük mənəvi dəstəkdi. Baş məşqçi konfrans zalına daxil olanda orada azərbaycanlı jurnalistləri görəndə daha ürəkli, motivasiyalı olur. Məsələn, "Fehervar"la oyunöncəsi mətbuat konfransında azarkeşlərin komandaya inandıqları ilə bağlı mənə yazdıqları mesajlar barədə Samir Abbasova verdiyim məlumatın onda necə ruh yüksəkliyi yaratdığının, "bu məlumatı burdan çıxan kimi, mütləq futbolçulara da çatdıracam" deməsinin canlı şahidiyəm.
Komandadan fərqli olaraq, jurnalistlər Macarıstana bir gün sonra, avqustun 30-u səhər saat 06:00-da yola düşdü. Təyyarə ilə öncə Bakıdan İstanbula, ordan isə Budapeştə yollandıq. Bu arada qeyd edim ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev də səfərə bizimlə eyni təyyarədə, biznes yox, məhz ekonom salonda yollandı. Gələndə də həmçinin, eyni təyyarədə, eyni salonda yer almışdıq. Yerli vaxtla saat 13:45-də Budapeşt şəhərinə qədəm qoyduq. Komanda öncədən planlaşdırıldığı kimi, matçın oynanılacağı Sekeşfehervar şəhərində məskulaşmışdı. Jurnalistlərin qalacağı otel isə paytaxt Budapeştdə idi. Bu iki şəhər arasındakı məsafə isə təxminən 65 km-di. Ona görə də bizim həm oyunöncəsi mətbuat konfransına, həm də oyuna gediş-dönüşümüz üçün ayrıca nəqliyyat ayırılmışdı.
Ümumilikdə Macarıstanda 2 gecə və 3 gün keçirdik. Təbii ki, futbol öz yerində, bu müddətdə gəzməyi, ölkə haqqında əlavə məlumatlar toplamağı, bol təəssürat bazası yaratmağı da planımızda tutmuşduq. Qaldığımız 4 ulduzlu "Novotel Centrium" adından da göründüyü kimi, şəhərin mərkəzində yerləşirdi. Bu mənada şəhərin bir çox yerlərinə ayaqla gedib-qayıtmaq mümkün idi. Ümumiyyətlə, Budapeşt paytaxt şəhəri olduğu üçün böyük, qarışıq şəhərdi. Şəhərdə 2 milyona yaxın əhali yaşayır. Şəhər ətrafında yaşayanları da bura qatsaq, bu say 3 milyona yaxınlaşır. Əhalinin 95 faizini macarlar təşkil edir. Lakin küçədə Afrikadan və Asiyadan olan insanları da görmək mümkün idi. Hətta Çin və Vyetnam kafelərinin olduğunu da qeyd etməliyik. Türklərin sayı gözlədiyimizdən az oldu. Məsələn, daha öncə olduğum Almaniya, Fransa, Belçika kimi ölkələrdə türklər daha çox gözümə dəymişdi. Amma Budapeşt kimi şəhərdə böyük bir türk restoranı görmədim. Yalnız 1-2 yerdə pizza, "kebab" işlədən türkləri görə bildim. Təbii ki, Budapeşt böyük şəhərdi, ola bilsin bizim olmadığımız hissələrində türklərin daha çox məskunlaşdığı məkanlar da ola bilərdi, bunu da qeyd etməyi lazım bilirəm.
Ümumilikdə Macarıstan zəngin ölkə deyil. Bizim kimi, neftə, qaza, yeraltı və yerüstü zəngin sərvərlərə malik deyillər. Budapeştə ilk ayaq basanda sovet cizgiləri hiss olunur. Həm tikililərdə, həm də, ümumiyyətlə, şəhərsalmanın digər aspektlərində. Bu isə təəccüblü olmamalıdır. Çünki Macarıstan uzun müddət sosialist yönlü ölkə olub və SSRİ-nin bu ölkəyə böyük təsirinin olduğu hər addımda hiss olunur. Budapeştə Bakı ilə müqayisədə bahalı, dəbdəbəli, müsair tikililər o qədər də gözə dəymir. Bizdəki kimi göydələnlər də görmək mümkün deyil. Daha çox tarixi tikililər diqqət çəkir. Ümumiyyətlə, macarlar tarixi tikililəri qoruyub-saxlamağa xüsusi önəm verirlər. Şəhərin nəqliyyat sistemi zəngindi. Həm avtobuslar işləyir, həm metro, həm tramvay, həm də elektrik qatarı. Velosiped, skuter sürən insanlar da kifayət qədərdi. İnsanlar üçün nəzərdə tutulan nəqliyyat kartları da diqqət çəkir. Deyək ki, 10 avro civarında ödəniş edib kart əldə edirsən və o kartla 24 saat ərzində bütün nəqliyyat vasitələrindən pulsuz istifadə edirsən. Yaxud, hansısa tələbə 4 avro dəyərində kart əldə edib həmin kartla 1 ay boyunca ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər. Şəhərdə taksi xidməti də fəaliyyət göstərir, dünyaca məhşur "Bolt", "Uber" şirkətlərinin adları əks olunan taksilər Budapeşt küçələrində də var idi. Lakin ictimai nəqliyyatda hər şey o qədər idealdı ki, insanlar nadir hallarda taksi xidmətinə ehtiyac duyur. Şəhərdə demək olar ki, tıxaca rast gəlmədim. Yeri gəlmişkən, Avropanın əksər ölkələrindən fərqli olaraq, Macarıstanda insanlar avrodan daha çox macar pul vahidi olan forintdən istifadəyə üstünlük verir. Forint dəyəri aşağı olan pul vahidi sayıla bilər. Belə ki, 1 avro təxminən 375 forintə bərabərdi. Yaxud manatla müqayisə etsək, macarların 200 forinti bizim 1 manata bərabərdi.
Qiymətlər bizimlə müqayisədə bir qədər baha olsa da, bu fərq o qədər də böyük deyil. Deyək ki, hansısa məhsul bizimlə müqayisədə 0.50, 0.70, bəzən 1 manat baha ola bilər. Təbii, ciddi fərqlər də var idi. Məsələn, gecə küçədə yerindəcə bişirilib satılan pizza ilə maraqlandıq və məlum oldu ki, bir dilimi 900-1000 forintdi. Yəni bizim pulla 4.5-5 manat. Halbuki bizdə pizzanın bir dilimi maksimum 1.5 manat olur. Amma bu cür ciddi fərqlər o qədər də çox deyildi. Həm onu da nəzərə alsaq ki, Macarıstanda orta aylıq əmək haqqı 1100 dolların üzərindədi, o zaman macarlar üçün hazırkı qiymətlər çox münasib, əlverişli sayıla bilər. Düzdür, ölkədə dilənçi, "bomj" həyatı yaşayan insanlar da gözümüzə dəydi. Amma bu cür insanları mən Avropanın mərkəzi Brüsseldə də görmüşdüm. Sadəcə, Budapeştdə sayları bir qədər çox idi. Olduğum ölkələr arasında ilk Avropa ölkəsi idi ki, burada nəqliyyatdan istifadədə özümüzə oxşarlıq gördüm. Məsələn, bir neçə dəfə motosikletlərin yüksək səslə və sürətlə şəhərdə şütüdüyünün şahidi oldum. Hansı ki, insanları ciddi şəkildə narahat edirdilər. Həmçinin bir neçə dəfə avtomobillərin ciddi qəza vəziyyəti yaratdığının şahidi oldum. Bizim özümüzə xidmət üçün ayrılan maşın az qala iki dəfə qəza törədəcəkdi. Xüsusilə hava limanından çıxanda son anda əyləcə basmasa idi, ciddi qəza baş verəcəkdi.
Budapeştin gecə həyatı haqda da 1-2 kəlmə deyim. Avropanın daha zəngin ölkələrində normalda həftə içi axşam saat 19:00-dan sonra küçələrdə insan, açıq mağaza, kafe restoran görməzsən. Amma Budapeştdə publar, pizza, kababxana, dönərxanalar demək olar ki, səhərə qədər işləyir. Biz Dunay çayından gecə gəzintisindən qayıdanda yerli vaxtla saat 02:00 idi, amma insanlar pub-larda, kafelərdə əylənirdi. Özü də Budapeştdə də bizdə olduğu kimi, kafe və publar stolları piyada səkilərinə düzərək orada müştərilərə xidmət göstərir. Müştərilərin böyük əksəriyyəti isə gənclər idi.
Dunay çayından söz düşmüşkən, burda olmaq, o gözəlliyi seyr etmək insana xüsusi zövq verirdi. Bildiyiniz kimi, sözügedən çay Budapeşti Buda və Peşt deyə iki hissəyə bölür. Əhalinin nisbətən kasıb təbəqəsi Budada, zəngin təbəqəsi isə Peştdə məskunlaşıb. Dunay çayında həm gəzmək, həm də istirahət etmək üçün də bütün imkanlar yaradılıb. Məsələn, 5-10 avro xərcləməklə Dunay çayında qayıqla gəzintiyə çıxa bilərsən. Yaxud gəmidəki restoranda menyu seçiminə uyğun olaraq yemək yemək imkanın da var. Onu da deyim ki, Macarıstanda əksər restoran yeməkləri bizimlə müqayisədə baha idi.
Səfər zamanı yeni tikilən "Puşkaş Arena"da da olduq. Düzdür, stadionun daxilini gəzmək üçün icazə verilmədi. Baxmayaraq ki, bir çox Avropa ölkələrinfə idman jurnalistlərinə vəsiqə göstərdiyi halda idman obyektlərinə daxil olmağa icazə verilir, amma Macarıstanda bunun şahidi olmadıq. Bəlkə də öncədən Macarıstan Futbol Federasiyası ilə əlaqə yaradıb buna da nail olmaq olardı. Çünki 65 min nəfərlik tamaşaçı tutumuna malik "Puşkaş Arena" məhz MFF balansındadır və stadionun bütün xərclərini birbaşa federasiya qarşılayır.
Oyunun keçirildiyi Şekeşfehervar şəhərinə gəlincə, təbii, bu şəhəri Budapeştlə müqayisə etmək olmaz. Sözügedən şəhərdə təxminən 98-99 min əhali yaşayır. Şəhər özü çox sakitdi. Bir növü bizim Ağdaş, İsmayıllını xatırladıq. Müasir, dəbdəbəli tikililər demək olar ki, gözə dəymədi. Amma küçələr təmiz və səliqəli idi. Yaşıllıqların çox olması da diqqətimizi cəlb etdi. 1-2 mərtəbəli binalar daha çox idi. Çox maraqlıdır ki, bu cür kiçik şəhərin 14200 nəfərlik tutuma malik stadionu var. Halbuki əhalisi Şekeşfehervardan 5 dəfə çox olan "Sumqayıt"ın yeni stadionu cəmi 9500 nəfər tutur.
Oyuna gəlincə, qısaca deyim ki, "Sumqayıt" kasad heyətlə olsa da, layiqli mübarizə apardı və mərhələ keçmək şansını son saniyəyə kimi saxladı. Hətta son dəqiqədə futbolçumuzun başla zərbəsi möcüzə sayəsində qapıdan keçmədi. Hər halda, böyümək, təcrübə yığmaq baxımından bu oyun "Sumqayıt" üçün çox vacib idi. Yeri gəlmişkən, oyunu izləyənlər arasında klubun idarə heyətinin sədri, həmçinin "Azərikimya" İstehsalat Birliyinin rəhbəri Elnur Məmmədli da var. Məmmədlinin VİP lojadan tez-tez "Sumqayıt", "Sumqayıt" deyərək komandanı dəstəkləməsi diqqətlərdən qaçmadı. Bu arada, Məmmədlinin media nümayəndələri ilə mehriban və səmimi ünsiyyətini də qeyd etmək yerinə düşərdi. Hətta hava limanında bizə yaxınlaşaraq, "nə ürəyiniz istəyir, nəyə ehtiyacınız var çəkinməyin, deyin təşkil edək" deməsi kiçik jest deyildi. Biz, heç nəyə ehtiyac olmadığını deyərək, təşəkkür etsək ki, Məmmədli sonradan hər kəs üçün meyvə şirəsi sifariş edərək əyləşdiyimiz stola göndərdi. Bu arada, "Azərikimya" rəhbəri də vətənə bizimlə eyni təyyarədə, ekanom salonda qayıtdı. Biz Bakıya çatanda artıq avqustun 2-i, saat 02:30 idi. Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürürdü...
Anar XANLAROV, Sumqayıt - Budapeşt - Sumqayıt.