Niderland və Polşanın ev sahibliyi ilə təşkil olunan qadın voleybolçular arasında Dünya çempionatında ikinci günün oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, 4 qrup üzrə ümumilikdə alti oyun keçirilib.

Günün ən yadda qalan görüşü Türkiyə və Tayland yığmaları arasında baş tutub. Türkiyəli voleybolçular qarşılaşmanın favoriti hesab olunsalar da asiyalı rəqiblərinin ciddi müqaviməti ilə üzləşiblər. Güclü müdafiəsi ilə seçilən Tayland millisi bu matçda qələbəni əldə edə bilib. Türkiyə kollektivi 5 set davam etmiş görüşdə 2:3 hesabı ilə məğlub olub.

Günün digər qarşılaşmalarında Belçika Puerto-Rikonu 3:0, İtaliya Kamerunu 3:0, Dominikan Respublikası Cənubi Koreyanı 3:0, ABŞ Çexiyanı 3:1 hesabları ilə üstələyiblər.

Mundialın növbəti günündə Belçika-Keniya, Çin-Argentina, Yaponiya-Kolumbiya, Niderland-Kamerun, Almaniya-Bolqarıstan və Serbiya-Kanada qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, Türkiyə millisi üçün sabah istirahət günüdür. Covanni Quidettinin komandası növbəti oyununu sentyabrın 27-də keçirəcək.