Bakı Olimpiya Stadionunda 40-dan çox əcnəbi cüdoçunun iştirakı ilə təlim-məşq toplanışına start verilib.

Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 10-dək davam edəcək toplanışa Xorvatiya, Çexiya, Finlandiya, Niderland, Slovakiya, Ukrayna və Puerto Rikodan yüksək səviyyəli idmançılar qatılıblar.

Onların arasında son Avropa çempionları Boqdan Yadov (66 kq), Maykl Korrel (100 kq), Jur Spijkers (+100 kq) və ötənilki Panamerika çempionu Adrian Qandia da var.

Bu növ təlim-məşq toplanışlarının təşkilində məqsəd ilk növbədə idmançıların peşəkar bacarıqlarının artırılması, rəqabət səviyyələrinin təkmilləşdirilməsi ilə yanaşı, onların qarşıdan gələn irimiqyaslı beynəlxalq yarışlara hazırlanmasına dəstək göstərməkdir.