Ədahim Niftəliyev "od püskürdü": "Şərəfsiz hərəkət edirlər" MÜSAHİBƏ
- 31 Okt 2024 13:00
- 1917
“Mingəçevir”in baş məşqçisi Ədahim Niftəliyev Rekord.az-a müsahibə verib:
- Öncə başlayaq son kubok matçından. I Liqanın iddialı komandalarından olan “Zaqatala”nı məğlub edərək 1/8 finala vəsiqə qazandınız. Öncədən mərhələ keçməklə bağlı qarşınıza hədəf qoymuşdunuz?
- Bu komanda ilə çempionatda üz-üzə gəlmişdik və evdə 2:3 hesabı ilə uduzmuşduq. Bu mənada kubok matçı bizim üçün özünüsübut matçı idi. Uşaqlara da demişdim ki, çıxın, sübut edin ki, çempionatdakı məğlubiyyət təsadüfidi və siz həqiqətən güclüsünüz. Sağ olsunlar, uşaqlar da çıxıb bunu sübut etdilər. Mən həmişə onlara deyirəm ki, qorxmayın, çəkinməyin. Bəli maliyyə cəhətdən ola bilər digərlərindən geri qalırıq, Amma futbol baxımında heç biri bizdən güclü deyil. Nəzərə alaq ki, bu oyuna demək olar ki, ehtiyat oyunçular skamyası olmadan çıxmışdıq. Bir futbolçu cəzalı idi, biri yataqda idi, biri zədəli idi. Amma xarakter göstərib qələbə qazana bildik.
- 1/8 finaldakı rəqibiniz hazırda Premyer Liqada yaxşı oyun sərgiləyən və üst sıralarda olan “Araz Naxçıvan”dı. “Mingəçevir” bu oyunda nəyə ümid edə bilər?
- Bu oyuna hələ 1 ay vaxt var. Bu mənada hazırlaşmaq üçün vaxtımız olacaq. O vaxta kimi zədəli futbolçularıçmız da sıraya dönəcək və komandanı toparlaya biləcəyik. Komandamızın əksəriyyəti cavan uşaqlardı. Özlərinə də demişəm ki, nə olsun ki, “Araz Naxçıvan” Premyer Liqa klubudu, çıxın, heç nədən çəkinmədən özünüzü göstərin. Komandamızda 17-18-19 yaşlı futbolçular var. Onlara özlərini göstərib milli komandalara dəvət almaq baxımından şans yaranıb.
- Oyunun sonlarına doğru futbolçunuz ciddi zədə alaraq oyunu yarımçıq tərk etdi. Son durumu necədi?
- Sizinlə danışmamışdan öncə onun yanından gəlirəm, baş həkimi ilə də görüşdüm. Mübarizə zamanı yerə düşəndə başı yerə dəyib. Həmin hissədə də ot olmayıb, bərk torpaq olub. Zərbənin təsirindən özünü itirib, hətta bir müddət gözü də görməyib. Sonradan tədricən özünə gəlib və xəstəxanaya aparıblar, sistem vurublar. Şükür, ciddi problemi yoxdur, həkimlər evə buraxıb. Amma beyin silkələnməsi olub. Ona görə də 2-3 gün evdə olmalı və uzanılı vəziyyətdə dincəlməlidir. Telefon və televizordan istifadə olmaz. 3-4 gündən sonra yavaş-yavaş məşqlərə qoşula bilər.
- "Mingəçevir" haqda cari mövsümdə zaman-zaman ziddiyətli xəbərlər dolaşır, xüsusilə komandanın maddi durumunun çox ağır olduğu deyilir. Hazırda vəziyyət necədi, futbolçular ötən ayların maaşlarını ala bilibmi?
- Maaş barəsində bizdə problem yoxdur. AFFA pulu köçürdən kimi, maaşlar verilir. Avqust ayını almışıq. Yaxın günlərdə sentyabrı da alacayıq. Bizim əsas problemimiz əlavə dəstəyin olmamasıdır. Yəni yerli icra hakimiyyətindən, imkanlı şəxslərdən dəstəyimiz yoxdur. Buna görə də səfər oyunları zamanı yol puluna görə sıxıntımız olur. Səfərə bir gün öncədən gedə bilmirik. Həmçinin, mükafat verə bilmirik. Əlavə gəlirimiz olsa, bunları edərik. Həmçinin futbolçuların vitaminizasiyanı həll edərdik. Amma dediyim kimi, yoxdur. Yalnız “Azərlotoreya” səhv etmirəmsə 1000 manat pul ayırır. Bir də su şirkətlərindən biri komandanı su ilə təmin edir. Yenə sağ olsunlar, aylıq 500 manat xərcdən bizi xilas edirlər.
- Sonda bir məsələ ilə bağlı da fikirlərinizi öyrənmək istərdik. Yəqin özünüzün də məlumatınız var, xəbərlər yayılıb ki, narkotik aludəçisi olduğu üçün komandadan qovulan futbolçuları yenidən geri qaytarmısınız. Bu xəbərlərə də münasibətiniz maraqlıdı.
- Açığı, özüm oxumamışam, amma məlumat veriblər, xəbərim var. Olmayan şeyləri yazırlar. Heç mənim özümdən də soruşmurlar ki, belə məlumatlar var, sizin bundan xəbəriniz var, ya yox. Uduram, yazırlar, uduzuram, yenə yazırlar. O xəbərləri yazdıranlar vaxtı ilə oyun alqı-satqısına görə tutulub futboldan silinən adamlardı. Ona görə yazırırlar ki, onların bazarını bağlamışam. Bunlar istəyir ki, yenidən kluba nəzarəti ələ keçirsinlər və alverlə məşğul olsunlar. Buna görə mənə qarşı çirkin kampaniya aparırlar ki, bezəm gedəm, bunlar iş başına keçə. Amma nə qədər ki, burdayam, buna imkan verməyəcəm. Hətta lazım gəlsə, pulsuz da işləyərəm, amma imkan vermərəm ki, Mingəçevir futbolunu yenidən alver meydanına çevirsinlər. Bilmirlər ki, bu klub Mingəçevirin klubudu, onların şəxsi klubu yox. Bir ara xəbər buraxdılar ki, guya məni döyüblər. Hamısı tamamilə yalan söhbətlər idi. Sonra, guya bir sıra futbolçuları komandadan qovmuşuq. Bu da yalan söhbətdi. Sadəcə, vəzi futbolçular var idi ki, yaşları da çox idi. Özləri də daimi olaraq, ehtiyat oyunçular skamyasında otururdu, oynamaya-oyamaya maaş alırdılar. Mən də dedim ki, onlardansa 5 nəfər cavan futbolçunu götürək, onların adını sifariş ərizəsinə salaq. Ən azı bilərik ki. gələcəkləri var. Komandaya mənim gətirdiyim futbolçulardan biri gənc Rüstəm Quluzadədir, hansı ki, hazırda hamı onun oyunundna danışır. Bundan başqa “Qəbələ”nin U-15 komandasında çıxış edən 15 yaşlı Ömər Novruzlunu da “Mİngəçevir”ə gətirmək istəyirəm. Bir sözlə, məqsədim Mingəçevir futboluna xidmət etməkdi. Ona görə də vaxtı ilə oyun alveri ilə məşğul olanlara qarşı sona qədər vuruşacam. Ya düzəldəcəm, ya da dağıdıb gedəcəm. Çünki şərəfsiz hərəkət edirlər. Onların məqsədi Mingəçeviri futbolsuz qoymaqdı. Hələ mövsüm başlamamışdı, stadiondan çıxanda söz atmışdılar ki, sənə 3 oyun vaxt qoymuşuq. Dedim siz kimsiniz, AFFA-da işləyirsiniz ki, mənə vaxt qoyasınız? Gördülər ki, oyun, nəticə baxımından işlər qaydasındadır, başladılar sifarişli yazılar yazdırmağa. O ki qaldı narkotik söhbətinə, o da tamamilə yalan və əsassız söhbətdi. Kim narkomanı öz komandasına götürər? Mən dəliyəm ki, narkomanı komandaya götürüm? Mümkün olan şey deyil.