Əfsanəvi hücumçumuz karyerasını başa vurdu
- 27 Apr 2021 11:43
- 1450
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Natalya Məmmədova karyerasını başa vurub. "Rekord.az" xəbər verir ki, ukrayna əsilli əfsanəvi hücumçumuz 2018-ci il dünya çempionatından sonra yığmamızdakı çıxışını dayandırmışdı. Voleybolçumuzun karyerasındakı son oyunu formasını geyindiyi “Volero le Kannet” klubunun "Mark En Barel" komandasın ilə keçirdiyi görüş olub.
2003-cü ildən Azərbaycan voleybolunda çıxış etməyə başlayan Natalya həm milli komandamızda, həm də “Azərreyl”, “Rabitə” klublarının şərəfini qoruyub. Uzun illər Faiq Qarayevin baş məşqçiliyi altında yığmada və “Azərreyl”də forma geyinən Məmmədova dünyada da “dəmiryolçular”ın heyətinə keçidindən sonra parlamağa başlayıb. O, ölkəmizdə lazımı forma yığdıqdan sonra beynəlxalq arenada öz sözünü deməyə başlayır və kifayət qədər güclü bir hücumçuya çevrilir. Bu səbəbdən onu son 2 onilliyin ən yaxşılarından adlandırırlar.
Məmmədova Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa çempionatının yarımfinalçısı olub. 2007-ci ildə Avropanın ən yaxşı oyunçusu olaraq "Qızıl top" mükafatına layiq görülüb.
Uzun müddət ölkə xaricində çıxış edən Natalya 2011-ci il yenidən Azərbaycana dönüb və buna səbəb “Rabitə” klubu tərəfindən edilən dəvət olub. Dəvəti qəbul edən voleybolçu “Rabitə” klubunun kapitanı olaraq 2011-ci ildə Dohada keçirilən klublararası dünya çempionatının qızıl medalını qazanıb. Natalya Məmmədovanın Bakı klubundakı uğuru Azərbaycan Prezidenti cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, onu ölkə voleybolunda xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib.
Klublararası dünya çempionu (2011) və iki dəfə bürünc mükafatçısı (2015, 2017) olan Məmmədova Çempionlar Liqasının finalçısı (2010/11) olub. O, üç dəfə (2004/05, 2005/06, 2006/07) Çempionlar Liqasının bombardiri olub, bir dəfə (2010/11) “Dördlər finalı”nın ən yaxşı topu oyuna daxil edən voleybolçusu seçilib.
37 yaşlı voleybolçu karyerası ərzində 10 ölkənin 14 klubunda forma geyinib. O, Ukraynada “Zareçye-Odintsovo”, Azərbaycanda “Azərreyl” və “Rabitə”, İsveçrədə “Volero”, İtaliyada “Kyeri”, İspaniyada “İkaro”, Türkiyədə “Türk Telekom”, Rusiyada “Omiçka”, Krasnodar “Dinamo”su və Kazan “Dinamo”su, Qazaxıstanda “Altay”, Çində “Lyaonin”, İndoneziyada “Cakarta Pertamina”, Fransada “Volero le Kannet”in şərəfini qoruyub.
Çoxsaylı titullara sahib voleybolçunun çıxış etdiyi ölkələr:
İsveçrə çempionu (2005/06, 2014/15, 2015/16, 2016/17),
İsveçrə kubokunun qalibi (2005/06, 2014/15, 2015/16, 2016/17),
Azərbaycan çempionu (2010/11, 2011/12),
Rusiya kubokunun qalibi (2002, 2017),
Qazaxıstan çempionu (2018/19, Qazaxıstan kubokunun qalibi (2018/19)
İndoneziya çempionu (2019/20)
Məmmədova həmçinin İspaniya çempionatının gümüş mükafatçısı (2007/08)
Türkiyə çempionatının bürünc medalçısı (2008/09)
Rusiya çempionatının gümüş (2017/18), bürünc (2009/10, 2012/13, 2013/14) mükafatçısı,
Rusiya çempionatının ən yaxşı bombardiri (2009/10, 2012/13)
Rusiya kubokunda “Dördlər finalı”nın MVP-si (2017) kimi uğurlara da imza atıb.