“Ehtiyac olsa, bölgələrimizdəki hava limanlarından da istifadə olunacaq”
- 13 Fev 2020 18:20
- 659
Bu gün “Azərbaycan Radiosu”nun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.
Rekord.az xəbər verir ki, Məmmədov, 4 oyunu Bakıda keçiriləcək AÇ-2020-yə gedən hazırlıq prosesindən də danışıb:
“Üç ölkənin millisi AÇ-2020 üçün təlim-məşq məntəqəsi kimi Bakını təsdiqləyib. Bu ölkələrin – İsveçrə, Türkiyə və Uelsin komandaları hazırlıq prosesini Bakıda keçəcəklər. Oyunlararası heç bir yerə getməyəcəklər.
Bakı AÇ-2020-yə tam hazırdır. Bu isə o deməkdir ki, belə tədbirlər birbaşa gəlir gətirəcək. Çünki biz infrasturktura sərmayə qoymayacağıq. İnfrastruktur deyəndə, yalnız stadionu nəzərdə tutmuruq. Hava limanının şəraiti də yaxşı olmalıdır ki, bizdə də iki hava limanı fəaliyyət göstərir – köhnə və yeni. Avropa Liqasının finalında ikisindən də istifadə edirdik. Bu dəfə də elə olacaq. Ehtiyac olsa, bölgələrimizdəki hava limanlarından da istifadə olunacaq. Yollar, ictimai nəqliyyat, mehmanxanalar da ölkəmizdə qaydasındadır. Heç bir ciddi problem yoxdur. Amma bu o demək deyil ki, biz rahat olmalıyıq. Bütün qurumlar gücləndirilmiş iş rejimində işləyəcək”.
Türkiyə milli komandasının AÇ-2020-nin qrup mərhələsində İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.
Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.