“Əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik”
- 13:30
- 32
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsindəki çıxışlarını dəyərləndirib.
Rekord.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq.
O ki qaldı komandamın turnirdəki ümumi çıxışına, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.
U-19 Kişinyovda keçirilmiş oyunlarda İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzub, Moldova ilə 2:2 hesablı heç-heçə edib.