Əliyeva Filippin çempionatındakı çıxışını başa vurdu
- 24 Noy 2022 10:25
- 420
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva Filippin çempionatındakı çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Choco Mucho" yarım finala yüksəlmək üçün "Cignal HD Spikers" klubu ilə qarşılaşıb.
Bir müddət əvvəl koronavirusa yoluxan Əliyeva fasilədən sonra məhz bu görüşdə ilk dəfə meydana çıxıb. Hücumçumuzun da meydanda olması komandasına kömək etməyib. Baxmayaraq ki, matça "Choco Mucho" daha yaxşı başlayıb və ilk seti qalib başa vurub. Lakin Odina və rəfiqələrinin bundan artığına gücləri çatmayıb. Voleybolçumuzun komandası 4 hissə davam edən oyunda 1:3 (25:17, 22:25, 18:25, 14:25) hesabı ilə uduzub.
Komandasının növbəti mərhələyə yüksələ bilmədiyi qarşılaşmada Əliyeva rəqibi 8 dəfə məyus edib. O, bu xallardan 5-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.
Yarım finala yüksələ bilməyən komanda birincilikdəki çıxını başa vurub. Bununla da, yığmamızın üzvü Filippin birinciliyindəki çıxışını başa vurub.
Qeyd edək ki, Odina Əliyeva mövsümə Çində davam edəcək.