Əliyevanın möhtəşəm oyunu komandasını xilas etmədi
- 04 Noy 2022 10:15
- 437
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva Filippin çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Choco Mucho" 5-ci turda "Akari Chargers" klubu ilə üz-üzə gəlib.
Görüş kifayət qədər gərgin keçib. İlk setdə qələbə qazanan Odina və rəfiqələri ardıcıl iki hissəni uduzublar və ümumi hesabda geri düşüblər. Lakin meydan sahibləri 4-cü seti öz xeyirlərinə başa vurmaqla matçın taleyini tay-brekə daşıya biliblər. Həlledici hissədə isə daha dəqiq oynayan rəqib qələbəni təmin edib. "Choco Mucho" 5 set davam edən görüşdə 2:3 (25:23, 21:25, 19:25, 25:21, 12:15) hesabı ilə məğlub olub.
Komandasının qələbəni son anda əldən verdiyi oyunda yığmamızın üzvü 26 xal qazanıb. Əliyeva qonaqlar 24 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.
Keçirdiyi beş oyundan sonra hesabında 6 xal olan "Choco Mucho" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qarşılaşma daha bir gözəl nəticə ilə yadda qalıb. Belə ki, voleybolçumuzun komandasının rəqibi "Akari Chargers"in dominikanlı hücumçusu, vaxtı ilə ölkəmizdə də forma geyinmiş Prisilla Rivera oyunda 44 xal qazanıb və Filippin liqasının rekordunu yeniləyib. Dominikan Respublikası yığmasının heyətində nüxtəlif yarışlarda onlarla mükafat qazanan və Azərbaycanda iki mövsüm çıxış etmiş 37 yaşlı voleybolçu 2011-2012-ci illərdə "İqtisadçı", 2013-2014-cü illərdə isə "Lokomotiv Bakı" klublarının şərəfini qoruyub.