"Kəpəz" - "Qəbələ" matçından sonra Qəbələdə gördüklərim xoş deyildi. Təbii, Gəncə təmsilçisi sevinir, bir-birini təbrik edir, qələbənin sevincini yaşayırdı. Söhbət "Qəbələ" düşərgəsində yaşananlardan gedir. Çox yaxın keçmişdə Elmar Baxşıyevi alqışlayan, "Elmar, Elmar" deyən azarkeşlər onu istefaya səsləyirdi. Bəziləri hətta bunu daha kobud, təhqiramiz formada edir. Məyusedici olan da məhz bu idi. Çünki Baxşıyev "Qəbələ" üçün az işlər görməyib. Baxşıyevin köməkçisi Xaqani Məmmədovun isə üzünü həmin azarkeşlərə tutaraq, "İstefaya Elmar yox, başqası çağırılmalıdır" deməsi də kiməsə vurulan ciddi ehyam idi. Daha bir köməkçi məşqçi olan Rasim Ramaldanovun azarkeşlərin etirazına söyüşlə cavab verməsi də aradakı pərdənin tamamilə cırıldığının bariz sübutu idi. 

Axı niyə hər şey bu həddə gəldi? Gəlməyə də bilərdi. Durub bunun səbəblərini araşdırsaq, çox şey ortaya çıxacaq. Büdcədən, heyətdən tutmuş, hakimliyə qədər. Amma yekunda mövcud durum dəyişməyəcək: "Qəbələ" sonuncu pillədədir və elitanı tərk etməyə əsas namizəddi. Bu durumda isə mütləqdir ki, nələrsə dəyişsin, radikal addımlar atılsın. Dəyişiklik deyəndə isə, ağla ilk gələn baş məşqçi olur. Baxşıyevi bu duruma görə günahlandlrmaq olmaz. Baxmayaraq ki, nəticələrə görə cavabdehlik daşıyan ilk şəxs hər zaman baş məşqçi olur. Amma razılaşaq ki, "Qəbələ"nin büdcəsi, maddi durumu stabil deyil, hər il heyət yenilənir, özünü yaxşı tərəfdən göstərənləri saxlamaq mümkün olmur. Burada isə baş məşqçinin heç bir günahı yoxdur. Amma məsələni hansı tərəfə fırlatsan, nəticə görə hesabat tələb olunan ilk şəxs baş məşqçi olur. Bu baxımdan bəlkə də Baxşıyevin gedişi ən doğru olan idi. Ən azı, yeni gələn məşqçi üçün komandanı elitada saxlamağa zaman olsun. Baxşıyev kimi məşqçi isə işsiz qalmamalıdır və ümid edirəm ki, ən qısa zamanda yenidən iş başında olacaq.

 

Anar XANLAROV