Azərbaycan futbolunda daha bir «soyuq müharibə»yə son qoyulub.

Rekord.az xəbər verir ki AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov uzun sürən danışıqlardan sonra, nəhayət ki, Qurban Qurbanovla görüşə bilib.

E.Məmmədov «Qarabağ»ın baş məşqçisi ilə Bakının məşhur restoranlarından birində bir araya gəlib.

Görüşdə komandanın kapitanı Rəşad Sadıqov da iştirak edib. Türklərin təbirincə desək, «böyük buluşma» bir neçə saat çəkib.

E.Məmmədov 1 il öncə millidən uzaqlaşdırılan baş məşqçiyə bu qərarın pərdəarxası məqamlarını izah edib, belə demək mümkünsə, bunda özünün günahkar olmadığını söyləyib.

Ümumiyyətlə, AFFA-nın aparıcı fiqurantı bu kimi məsələlərə qarışmadığını bildirib, Qurbanova «Siz Azərbaycanın ən güclü məşqçisiz» deyib.

Görüşün təfərrüatı ilə bağlı daha bir neçə informasiya almışıq və hazırda onları dəqiqləşdirməyə çalışırıq.

Hələlik qısaca onu bilərik ki, son 1 ildə ilk dəfə bir masa arxasına əyləşən tərəflər görüşdən məmnun ayrılıb. Hər halda aralarında olan əksər söz-söhbətlərə aydınlıq gətiriblər. (sportinfo.az)