Elxan Məmmədova "CBC Sport" xatırlatması
- 08 Sen 2020 12:40
- 1780
“CBC Sport” sutka ərzində fasiləsiz fəaliyyət göstərəcək. Bu da vacib amildir. İnsanlar hərdən gecə də futbola baxmaq istəyirlər” – AFFA-nın həm icraçı vitse-prezidenti, həm də baş katibi Elxan Məmmədov düz beş il bundan əvvəl belə demişdi. Düzdü, həmin vaxt Elxan bəy bir əldə iki qarpız saxlamağın əleyhinə idi. Düşünürdü ki, normal cəmiyyətdə hərənin bir vəzifəsi olmalıdı, onda görülən iş də daha keyfiyyətli olar. Ona görə də AFFA-nın baş katibi vəzifəsiylə kifayətlənmişdi. Sonradan zaman dəyişdi, Məmmədovun həyata baxışı da həmin zamanla birlikdə dəyişikliyə uğradı. Özünü avropalılar kimi göstərməyə çalışan Məmmədov əsl azərbaycanlı kimi pul və vəzifə hərisinə çevrildi. Amma ötən müddət ərzində dəyişməyən şeylərdən biri də odu ki, insanlar futbola baxmaq istəyir, onlar üçün fərqi yoxdu ki, gecədi, ya gündüz.
Həmin insanlar dünən də futbola baxmaq istəyirdilər. Özü də Azərbaycanın U-21 millisinin oyununa. Gənclər yığması həmişə hər bir ölkənin futbolunun həssas yeridi. Əsas millimizlə bağlı vəziyyət bəllidi. Bu komandadan nəsə gözləməyə dəyməz. Düzdü, gələcəklə bağlı proqnozlarımız da optimist deyil. Amma yenə də özümüzü “işıqlı gələcəyə” inandırmaq istəyirik. Ümidlər bitəndə insanın yaşamaq həvəsi də bitər. Təsadüfi deyil ki, Anadolu türkləri U-21 yığmasına “ümit millisi” deyir. Yəni ki, bu komanda ölkə futbolunun gələcəyə ümididi.
Dünən də bizim futbolun gələcəyə olan ümidləri Fransadan gələn həmyaşıdları ilə qarşılaşırdılar. Koronavirus pandemiyası səbəbindən oyun boş tribunalar önündə keçirilirdi. Bölgə futbolu, əyalət deyəndə AFFA-nın başbilənləri uzaqbaşı Sumqayıtı fikirləşə bilirlər. Buna görə də gənclər millisinin oyunu Sumqayıtda keçirilirdi. Minlərlə futbolsevər, Azərbaycan futboluna könül verən sadiq azarkeş ümid edirdi ki, “ümidlər”in oyununa televiziya ekranı qarşısında baxa biləcək. Bunu da onlara çox gördülər.
“CBC Sport” fəaliyyətə başlayanda öyrəndik ki, bu telekanala heç də hamı baxa bilməyəcək. Ya kabel operatorlarından birinə qoşulmalısan, ya da HD formatı dəstəkləyən televizorun və siqnal qəbuledicin olmalıdı. Sadə insanlar yavaş-yavaş bu problemi həll etdilər. İndi də məlum olur ki, “CBC Sport”a baxmaq üçün həm də noutbukun və sürətli internetin olmalıdı. Çünki telekanalın baş direktoru Volkan Üst öz kefinə görə seçim edə, millimizin oyununu saytdan yayımlaya bilər. Bəhanələri də var, həmin saatda başqa oyunu televiziyadan göstərəcəyik.
Dünən U-21 millimizin oyunu Hollandiya – İtaliya qarşılaşmasının ayağına verildi. Halbuki, bu oyunu izləmək üçün Rusiya və Türkiyə telekanallarının sayəsində alternativlər var idi. Seçim edirdilərsə, millimizi telekanaldan, hollandların oyununu internetdən verə bilərdilər. Amma etmədilər. Bəlkə də, qısa müddət ərzində azarkeşlərə millimizin ikinci rüsvayçı məğlubiyyətini göstərməkdən qorxdular, yaxud da onların əsəblərini De Byazinin komandasının bugünkü oyunu üçün qorumaq istədilər. Heç bir halda səbəb nəticəyə haqq qazandıra bilməz. “CBC Sport”un dünənki davranışı rüsvayçılıq idi. Kim bu qərarın altına imza qoydusa, ona ayıb olsun!
“CBC Sport” futbolumuzla bağlı həftədə iki-üç verilişini hazırlayacaq, uşaq liqalarının da göstərəcək, bununla da Azərbaycan futbolu daha çox təbliğ olunacaq” – bu sözləri də Elxan Məmmədov demişdi. Birdən yaddaşı zəifləyər, unudar deyə, yenidən xatırlatdım.