“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.


Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:


“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ağır oyun oldu. “Qarabağ” səfəri heç vaxt asan keçmir. Həmçinin rəqib ən optimal heyətlə oynadığından işlərimiz daha da çətinləşmişdi. Futbolçularım ilk saniyədən sona qədər qorxmadılar, yaxşı mübarizə apardılar. Matçdan əvvəl də bəlli idi ki, üstün tərəf “Qarabağ” olacaq. Çalışırdıq müdafiə olunaq, əks hücumlara bel bağlayırdıq. Ən azı bir xal qazana bilərdik".


"Zirə"nin baş məşqçisi vurğulayıb ki, 5-ci oyundur ki, Ağdam təmsilçisi onlara standart vəziyyətdən qol vurur. Rəşad Sadıqov oyundan əvvəl də bu haqda futbolçularla danışdığını diqqətə çatdırıb:


“Mənə görə penaltinin məşqi yoxdur. Bu oyunlarda həmin andakı təzyiqdən asılıdır. Qismətin üzərində çox təzyiq var idi. Lakin yeri gəldikdə yaxşı penaltilər yerinə yetirib. Bundan sonra da bir-birindən önəmli oyunlar var. Gələcəklə bağlı dəqiq proqnoz vermək mənim üçün çətindir. Bir şey bitməmiş nəyisə danışmaq düzgün olmaz. Qarşıda ağır oyunlar var. Bütün fikrimizi işimizə vermişik”.