Ən çox könüllü Bakıdan olub
- 21 Fev 2020 16:10
- 935
UEFA Avropa çempionatı üçün müraciət edən könüllülərin sayını açıqlayıb.
Rekord.az qurumun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, AVRO-2020 üçün 159 ölkədən 37 min könüllünün müraciət etdiyi bəlli olub. Bu isə 2016-cı ildə Fransada keçirilmiş yarışdan 15 min çoxdur.
Bildirilib ki, artıq 12 min könüllü qeydiyyata alınıb. Könüllülük üçün müraciət edənlərin 18 faizi Bakıdan olub.
Növbəti sıralarda Rusiyanın Sankt-Peterburq şəhəri (16 faiz), İngiltərənin paytaxtı London (10 faiz) qərarlaşıb. İlk "5-liy"i İtaliyanın paytaxtı Roma (10 faiz) ilə Macarıstanın paytaxtı Budapeşt qapayır.
AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.
Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.