Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstanla qarşılaşan və matçın başa çatmasına 4 saniyə qalmış məğlub olan Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov görüşlə bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:


“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.