Ərdoğan italiyalı məşqçiyə "Turkuaz kart"ı verdi
- 22 İyl 2022 10:48
- 473
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Covanni Quidetti ilə görüşüb. "Rekord.az" xəbər verir ki, dövlət başçısı təcrübəli italyan çalışdırıcıya Türkiyədə müddətsiz işləmək və yaşamaq hüququ verən "Turkuaz kart"ı hədiyyə edib.
Onlar Ankarada Esenboğa Hava Limanda Ərdoğan İstanbula yola düşməzdən əvvəl görüşüblər.
Qeyd edək ki, Türkiyə millisi bir neçə gün əvvəl Ankarada baş tutmuş Millətlər Liqasının yarımfinalına yüksələrək yarışı 4-cü pillədə başa vurub. Eyni zamanda "Vakıfbank" klubunu çalışdıran təcrübəli mütəxəssis Türkiyə millisinə qitə və dünya miqyasında bir sıra uğurlar qazandırıb. 2017-ci ildə Bakıda təşkil olunmuş Avropa Çempionatında bürünc mükafat uğrunda Azərbaycan millisi məhz Quidettinin rəhbərlik etdiyi Türkiyə yığmasına məğlub olaraq yarışı medalsız tərk etmişdi.