Erməni futbolçunu bıçaqlayan azərbaycanlı ilə MÜSAHİBƏ
- 25 Apr 2020 17:00
- 1256
“Neftçi” azarkeşi yazdı, Tahir Süleymanov izahat verdi” sərlövhəli yazı böyük əks-səda doğurub.
Tahir bəyin söylədiklərinə ilk etiraz Munis Abdullayevdən gəlmişdi ki, onunla müsahibəni sizə təqdim etmişdik.
Daha bir futbol veteranı Fuad Talıbov bizimlə əlaqə saxlayaraq, Süleymanovun açıqlamasına münasibət bildirmək istədi.
Karyerasını 23 yaşında bitirmək məcburiyyətində qalan Talıbov da, sən demə, Xankəndi “Qarabağ”nın şərifini qoruyub. Ən yaxşısı budu ki, onu dinləyək.
- Tahir Süleymanovun söylədikləri yumşaq desəm, məni özümdən çıxardı. Samir Ələkbərovun “Qarabağ”da yeganə azərbaycanlı futbolçu olması söhbəti bir neçə dəfə səslənib. Onların hamısını oxusam da, səsimi çıxarmırdım. Ancaq sakit dayandıqca, görürəm ki, yalan baş alıb gedir. Çox istərdim ki, gələcək nəsillərə doğu-dürüst tarix ötürək.
- Sözlərinizdən belə başa düşmək olar ki, siz də Xankəndi təmsilçisində çıxış etmisiz və Tahir Süleymanovun Samir Ələkbərovla bağlı dedikləri sizi əsəbləşdirib...
- Munisin müsahibəsi ilə tanış olandan sonra onunla əlaqə saxlayıb, niyə hər şeyi olduğu kimi söyləmədiyini soruşdum. Onunla xeyli danışdıq. Əslində onu qınamaq da düz deyil. Bu məsələdə günahı olan bir adam varsa, o da Tahir Süleymanovdu. Munis 1987-ci ildə “Qarabağ”ın şərəfini qoruyub. Mən isə 1984-də komandaya qoşulmuşam. Onun məndən xəbəri olmaya bilər. Məndən əvvəl isə Xankəndi komandasında ağdamlı Cavanşir Novruzov olub. Onunla da dünən danışdıq. İstəyirəm hamı bilsin ki, Samir Ələkbərovdan əvvəl də “Qarabağ”da oynayan azərbaycanlı oğlanlar olub.
-
Əvvəlcə özünüzü tanıdardız. Çünki Fuad Talıbov ad-soyadı azarkeşlərə o qədər də tanış deyil.
- 10 yaşından futbolla məşğul olmağa başlamışam. “Neftçi”nin əvəzedici heyətində, 1979-80-ci illər aralığında rəhmətlik Ruslan Abdullayevin rəhbərliyi altında gənclərdən ibarət Azərbaycan yığmasında, “Araz Naxçıvan”da, Xankəndi “Qarabağ”ında çıxış etmişəm. Müəyyən səbəblərdən 23 yaşında karyeramı erkən başa vurmaq məcburiyytində qaldım.
- Xankəndi “Qarabağ”ına keçidiniz necə baş tutub?
- 16-17 yaşımda artıq “Araz Naxçıvan”da oynayırdım. Həmin komandada rəhmətlik Böyükağa Hacıyev, Məhərrəm Həsənov, Novruz Əzimov kimi futbolçular çıxış edirdilər. Əsgərlik yaşım çatanda MOİK-ə keçdim. Bu komanda ilə Azərbaycan kubokunun qalibi oldum. Mövsüm başa çatandan sonra - 1984-cü ilin sonlarında “Qarabağ”ın baş məşqçisi Alik Mkrtıçev və komandanın rəisi Aleksandr Balayan üç nəfəri – məni, Adnan Novruzovu və rəhmətlik Elxan Rəsulovu “Qarabağ”a baxışa dəvət etdi. Elxan bəyənilmədi. Adnanla mən isə qalası olduq. 1985-ci ilin yanvarında təlim-məşq toplanışı üçün Daşkənddə yollanmışdıq. Ordan qayıdandan sonra həkim müayinəsindən keçəndə Adnanı da guya ürəyində problemi olduğu üçün geri qaytardılar. Əslində isə onun səhhətində heç bir problem yox idi. Sadəcə, Novruzov millətçi idi və bazada qaldığımız otağın divarına Türkiyə bayrağını yapışdırmışdı. Onun bu hərəkəti komanda rəhbərliyini bir qədər qorxutdu. Bundan sonra ürəyini bəhanə edib yola saldılar.
- Və siz komandada tək qaldız...
- Bəli. Mövsümün startına qədər Odessa diyarında təşkil olunan turnirdə iştirak etmişdik. Bizdən başqa həmin mini-turnirə “Araz Naxçıvan”, “Poltava”da qatılmışdı. Özümü yaxşı tərəfdən göstərdiyim üçün əsas heyətdə yerimi bərkitdim və çempionat başlayandan sonra daim “11-lik”də yer alırdım. Sol cinah yarımmüdafiəçi mövqeyində oynayırdım. Munis Abdullayev müsahibəsində deyir ki, 1987-ci ildə artıq ermənilərin nəyəsə hazırlaşdığını hiss edibmiş. Əslində onlar daha əvvəldən hər şeyi planlaşdırırdılar. Onlar həmişə bizlərə qarşı pis niyyətdə olublar.
- Siz bunu oynayan dönəmdə hiss etmişdiz?
- 1985-ci ilin mayında Tiflisdə “Lokomotiv”lə qarşılaşırdıq. Gürcülər zonada ən güclü komandalardan biri sayılırdı. Evdə nəinki uduzmamışdlar, heç bərabərə də qalmamışdılar. Həmin oyun qolsuz heç-heçə ilə başa çatır. Mənim “Vesna” maqnitofonum var idi. Hər dəfə səfərə çıxanda onu da özümə götürürdüm. Çox vaxt komanda yoldaşım olan ermənilər onu məndən istəyib növbə ilə öz otaqlarında qulaq asırdılar. Onu da sizə deyim ki, ermənilər bizim musiqini, xüsusilə də muğamımızı çox bəyənirdilər. Yenə maqnitofon uşaqlarda idi. Onu götürməyə gedəndə Qriqori adlı erməni komanda yoldaşım onu məndən istədi və dedi ki, Tiflisdə hərbi xidmətdə olan qohumunu 1-2 saatlıq icazə alıb yanına gətirib. Onunla birlikdə qulaq asmaq istəyir. Heç nə demədən razılaşdım. Üstündən 3-4 saat keçəndən sonra maqnitofonun arxasınca yollandım. Qriqori içkili halda məni söydü. İçkili olduğunu görüb heç nə demədim. Ertəsi artıq komanda Xankəndinə qayıtmaq üçün avtobusa minəndə gördüm Qriqori gəlir. Ona yaxınlaşıb dünən yaşananları xatırlatdım. Gözləyirdim ki, məndən üzr istəyəcək. Ancaq əksinə oldu, o yenə məni söydü. Bu vaxt biz onunla əlbəyaxa olduq. O mənə, mən ona bir-iki sillə, yumruq vurandan sonra digər ermənilər də başımıza toplaşdı. Onlar guya bizi ayırırdılar, əslində isə əllərimi tutmuşdular ki, heç nə edə bilməyim. Jan adlı komanda yoldaşımız da ona dəstək olurdu. O hələ o vaxtdan millətçi idi. Uzun sözün qısası, məni yaxşıca əzişdirdilər. Bir təhər özümü qurtarıb əlimi çantamdakı bıçağa atdım. Geri çəkilmədiklərini görüb bıçağı ona tərəf atdım. Boğazını tutsa da, bıçaq çənəsindən dəymişdi. Ermənini ordan xəstəxanaya apardılar. Çənəsinə iki-üç tikiş qoymuşdular. Xankəndinə qayıdan kimi çantamı götürüb Bakıya gəldim. Valideynlərim aidiyyatı qurumlara şikayət etmək istəsə də, qoymadım. Bir həftədən sonra rəhbərlik mənə zəng vurub geri qayıtmağımı xahiş etdi. Əvvəlcə getmək istəməsəm də, müəyyən əşyalarım orda qaldığından, düşündüm ki, onları da götürüb yenidən Bakıya dönərəm. Sonradan bildim ki, evə qayıtmağım rəhbərliyi qorxuya salıb. Onlar fikirləşiblər ki, baş verən hadisədən şikayətçi düşərəm və onları cəzalandırarlar. Beləcə Xankəndinə döndüm. Orda isə şirin dilə tutub, “sənə çox ehtiyacımız var” deyib “saqqımı oğurladılar” və komandada saxladılar. Ancaq ondan sonra məni meydana az-az buraxmağa başladılar. Daha çox ehtiyat oyunçular skamyasında otururdum. Gördüm ki, komandada qalmağımın heç bir mənası yoxdu, əşyalarımı götürüb sentyabrda, çempionat başa çatmamış Xankəndini tərk etdim.
- “Qarabağ”ın heyətində neçə oyun keçirmisiz?
- 20-dən bir qədər artıq.
- Heç olmasa, maaşınızı verdilər?
- Bu məsələyə də toxunmaq istəyirəm. Bizdə hər qələbəyə görə 50 rubl mükafat verirdilər. Həmin qalmaqaldan sonra mənə çatası pulun bir hissəsi verilmirdi. Səbəbini soruşduqda müxtəlif bəhanələr səsləndirirdilər. Bir dəfə də dedilər ki, “Krunk” cəmiyyətinə ianə olunub. Demək istəyirəm ki, ermənilər 1985-ci ildən özlərinə cəmiyyət yaradıb ora pul köçürürdülər. Deməli, onların Qarabağla bağlı hazırlığı o vaxtdan başlayıb.
- Bəs geri qayıdandan sonra karyeranızı harda davam etdirdiz?
- Formada qalmaq üçün Rafiq Əlizadənin baş məşqçisi olduğu “Gənclik”də bir müddət çıxış etdim. Bu komanda şəhər birinciliyində çıxış edirdi. Ordan sonra yenidən “Neftçi”nin əvəzedici heyətinə dəvət olundum. Həmin vaxt “dubl”da Arif Əsədov, Təbriz Həsənov çıxış edirdi. Əsas komandaya keçidim isə bəzi səbəblərdən alınmadı. Bu artıq başqa mövzunun söhbətidi (Futbol+).