“Əsas hədəfimiz Bakıdakı mundialdır”
- 12 Okt 2022 18:40
- 395
“Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq”.
Rekord.az xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov 2023-cü ildə Bakıda təşkil olunacaq dünya çempionatı barədə qurumun mətbuat xidmətinə müsahibəsində deyib.
O bildirib ki, yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley ölkəmizdə qeyd olunacaq:
“Təşkilati baxımdan hər şeyin ən yüksək səviyyədə olacağına inanırıq. Çünki artıq Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etmək üçün böyük təcrübəsi var. Dünya çempionatının ardınca isə taekvondoçularımızı Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Burada da inamlı çıxış üçün məşqçilər korpusunun xüsusi proqramı var və yekunda xalqımızı yaxşı nəticələrlə sevindirəcəyimizə ümid edirik”.
Səfərovun sözlərinə görə, uğurlu çıxışı davam etdirmək üçün komandalarda gəncləşmə prosesinə start verilib:
“Bunlar Bakıdakı dünya çempionatına və Paris olimpiadasına hesablanıb. Gənc və ümidverici taekvondoçular öz sözlərini deməyə başlayıblar. Bu da gələcəyə nikbin baxmağa imkan verir. Əsas hədəfimiz Bakıdakı mundialdır. Bütün bu işlər hamısı həmin yarışa hazırlıq xarakteri daşıyır”.
Dünya çempionatının gələn il mayın sonlarında təşkili planlaşdırılır.